2022-ci ilin 14 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Milli Qurtuluş Gününə həsr edilən “Azərbaycanın dövlət müstəqilliyini əbədi və dönməz edən xilaskar lider” mövzusunda mühazirə keçirilib.
Tehsil.biz xəbər verir ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən mühazirədə MDU-nun akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.
Mühazirədə giriş sözü ilə çıxış edən MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova Milli Qurtuluş Günü münasibətilə təbriklərini çatdırıb, bu əlamətdar tarixi günün ictimai-siyasi əhəmiyyətinin gənc nəsilə çatdırılması baxımından mühazirənin önəmini vurğulayıb.
Sonra, proqrama uyğun olaraq MDU-nun baş müəllimi Mətanət Yusifova məruzə ilə çıxış edib. Məruzədə xalqın təkidi və istəyi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi qurtuluş missiyasından, müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsi naminə yürütdüyü uzaqgörən və qətiyyətli siyasətindən bəhs edilib.
Bildirilib ki, Azərbaycanın müstəqillik tarixində yeni səhifənin başlanğıcı hesab edilən 15 İyun xalqımızın taleyində həlledici rola malikdir. Məhz ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən qurtuldu, müstəqilliyini əbədi və dönməz surətdə möhkəmləndirdi. Bu gün türk dünyasının böyük oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyev cismən aramızda olmasa da, onun mütərəqqi ideyaları və zəngin irsi yaşayır, əziz xatirəsi xalqımız tərəfindən daim böyük ehtiramla yad edilir. Dahi şəxsiyyətin layiqli siyasi varisi, Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda ölkəmiz hərtərəfli inkişaf strategiyasını yüksək əzm və tükənməz enerjilə, böyük uğurlar və möhtəşəm qələbələrlə davam etdirir. Ulu Öndərin memarı olduğu müasir Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır.
Mühazirə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, MDU-da tarixi günlərə həsr edilmiş tədbirlərin keçirilməsinə xüsusi önəm verilir, Ümummilli Liderin zəngin irsinin öyrənilməsi və tələbə gənclər arasında təbliği diqqət mərkəzində saxlanılır.