Logo

Lənkəran şəhərinin mədəni inkişaf strategiyasının təqdimatı keçirilib - FOTOLAR

16.06.2022 10:36 381 baxış
IMG

Lənkəran şəhərinin mədəni inkişaf strategiyasının təqdimatına həsr olunan tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, Lənkəran Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı ilə “Lənkəran Springs Hotel”də keçirilən tədbir Lənkəranın şəhərinin Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “EU4Culture” (“Avropa İttifaqı mədəniyyət naminə”) layihəsi çərçivəsində elan edilən “Şərq Tərəfdaşlığı ölkələrində iqtisadi inkişaf və sosial rifah üçün mühərrik kimi mədəniyyət və yaradıcılığın təşviqi” qrant müsabiqəsində iştirakına həsr olunub.

Mərasimdə çıxış edən Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Ramil Abbəkirov çıxış edərək bildirib ki, mədəniyyət həyatımızda böyük rolu olan amillərdən biridir. Gündəlik həyat tərzimiz, kulinariya, ünsiyyət və s. Bütün bunlar mədəniyyətin bir parçasıdır. Mədəni inkişaf fərd, icma və dövlət olaraq tam şəkildə bir-biri ilə əlaqəli şəkildə inkişaf etməlidir. Mədəniyyət Nazirliyi bu istiqamətdə çoxsaylı layihələr həyata keçirir ki, hazırda bu layihələrin böyük bir hissəssi işğaldan azad olunmuş ərazilərimizə yönəldilib və mədəniyyət paytaxtımız Şuşada reallaşır.

“EU4Culture” layihəsi haqqında söz açan şöbə müdiri deyib ki, bu layihə Avropa İttifaqının Şərqində yerləşən 5 ölkədə reallaşır:

“Layihənin 2021-ci ildən başlayan fazasında əsas diqqət mərkəzə deyil, regionlara yönəldilib. Ölkəmizdən layihəyə 8 şəhər müraciət etmişdi. Birinci mərhələdə 5 şəhər, ikinci mərhələdə də isə 3 şəhər – Şəki, Xırdalan və Lənkəran – qrantı əldə etmək uğrunda yaraşır. Lənkəran çox gözəl və potensialı ilə seçilən şəhərlərimizdəndir. Bu şəhər qalib gələrsə, çalışacağıq ki, onun mədəni potensialını bu strategiya vasitəsilə üzə çıxara bilərək. Strategiyanın işləmə müddəti 4 il üçün nəzərdə tutulub. Layihə əsas olaraq cəmiyyətin aktiv dəstəyini tələb edir. Çünki yekun məqsəd yenə də insanların rifahına xidmət edir”.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Cəfərzadə təqdimatın şəhər üçün əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, layihə regionda mədəniyyətimizin təbliği və təşviqində vacib rol oynayacaq. Həmçinin diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Lənkəran şəhərində bir sıra tədbirlər həyata keçirilib. Yol infrastrukturunun qurulması, müasir tələblərə cavab verən müəssisələrin inşası və sahibkarlığın inkişafına yönəldilmiş işləri misal çəkə bilərik. Mədəniyyət Nazirliyinin təşəbbüskarı olduğu “EU4Culture” layihəsinin Lənkəranda icrasını yüksək qiymətləndirdiklərini deyən M.Cəfərzadə təşkilatçılara təşəkkürünü bildirib.

Təqdimatda çıxış edən Avropa İttifaqının “EU4Culture” layihəsinin yerli əlaqələndiricisi Firuzə Bağır diqqətə çatdırıb ki, 2021-ci ilin may ayında elan edilən proqram Şərq Tərəfdaşlığı ölkələrində qeyri-paytaxt və regionlara xüsusi diqqət yetirməklə mədəniyyət və yaradıcı sektoru dəstəkləmək üçün Avropa İttifaqı tərəfindən maliyyələşdirilən dördillik layihədir. Layihənin ölkəmiz üzrə həyata keçirilməsində tərəfdaş Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyidir:

“Layihə çərçivəsində alınan qrant hesabına şəhərlər üçün mədəniyyət strategiyasının hazırlanacaq. Gələcəkdə növbəti mərhələdən uğurla keçəcək şəhərlər üçün strategiyanın həyata keçirilməsi məqsədilə 300 min avro qrant ayrılması nəzərdə tutulub. Təqdim olunan müraciətlər qiymətləndirildikdən sonra ölkə üzrə Şəki, Xırdalan və Lənkəran şəhərləri öz mədəni inkişaf strategiyalarını hazırlamaq üçün 30 min avro qrant qazanıblar. Lənkəran şəhərindən layihəyə Lənkəran Regional Mədəniyyət İdarəsi müraciət edib”.

Sonra “EU4Culture” layihəsi çərçivəsində Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanmış Lənkərana həsr olunmuş videoçarx nümayiş etdirilib.

Daha sonra Lənkəran RMİ-nin rəisi Şahin Şahbazov şəhərin mədəniyyət strategiyasını təqdim edib. Bildirib ki, Lənkəran öz yerli sakinləri və onu ziyarət edən qonaqlar üçün mədəni, sosial və iqtisadi cəhətdən inkişaf edən tolerant, aktiv və canlı şəhərdir. Layihədə “Niyə Lənkəranın qalib gəlməsi vacibdir” fikrini isə idarənin rəisi regionun zəngin və multikultural mədəniyyəti, yüksələn iqtisadi və inkişaf edən nəqliyyat və turizm infrastrukturu, unikal qastronomiya (Lənkəran qastronomiya tematikası üzrə 2021-ci ildən UNESCO-nun Yaradıcı şəhərlər şəbəkəsinin üzvüdür), multietnik yaradıcı mühit və zəngin yaradıcılıq praktikası ilə əlaqələndirib.

Şahin Şahbazov tematik istiqamətlər üzrə, strategiya çərçivəsində reallaşacaq qastronomiya, folklor, musiqi, sənətkarlıq və s. istiqamətlərdə şəhərin potensialı haqqında geniş məlumat verib.

Diqqətə çatdırıb ki, strategiyanın fəaliyyətləri bölməsində il ərzində həftə sonlarında 2-3 günlük festivalların təşkilini, 2024-cü ilin sonuna qədər 24 festivalın keçirilməsini qarşıya məqsəd qoyur. Strategiyanın reallaşması üçün əsas layihə komandasına dəstək mədəniyyət liderlərindən ibarət yerli dəstək qrupu tərəfindən təmin olunacaq və onlar gələcəkdə “Kreativ Lənkəran platforması”nı da idarə edəcəklər. Layihənin icraçısı Lənkəran Regional Mədəniyyət İdarəsi, əsas tərəfdaş Lənkəran Rayon İcra Hakimiyyətidir. Digər tərəfdaşlar sırasında Dövlət Turizm Agentliyinin Lənkəran Destinasiya Menecmenti Təşkilatı, Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA), Lənkəran KOB İnkişaf Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzi Lənkəran nümayəndəliyi, Azərbaycan Milli Kulinariya Assosiasiyası, Lənkəran Dövlət Universiteti, “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası, Kreativ Azərbaycan Platforması, Azərbaycan Film Komissiyası və “Azərxalça” ASC-dir.

Milli Kulinariya Assosiasiyasının rəhbəri, Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov strategiya ilə bağlı fikirlərini bölüşüb. Qrantda Lənkəranın qalib gəlməsi üçün regionun özəl xüsusiyyətlərini vurğulayaraq belə bir təşəbbüsün reallaşmasında əməyi olan hər kəsə minnətdarlığını ifadə edib.

Təqdimatdan sonra fikir mübadiləsi aparıldı və gələcək planlarla bağlı təkliflər müzakirə edilib.

Tədbir iştirakçıları həmçinin yerli sənətkarların əl işlərindən ibarət sərgi ilə də tanış olublar.

Xəbər lenti