2021-2022-ci tədris ilində BŞTİ-nin tabeliyindəki 178 ümumi təhsil məktəbində STEAM layihəsi tətbiq edilib.
Tehsil.biz xəbər verir ki, Bakı məktəbliləri 2021-2022-ci tədris ilində “Texnofest Azərbaycan” festivalında STEAM layihəsinin təşkilatçılığı ilə keçirilən “Baku Skills” müsabiqəsində, eləcə də "Makerthon 2022" yarışında, “Məktəblinin dostu” ilə birgə Zəfər Gününə həsr olunan “Breyn-rinq” intellektual bilik yarışında uğurla iştirak ediblər.
“Texnofest Azərbaycan” festivalında STEAM layihəsinin təşkilatçılığı ilə keçirilən “Baku Skills” müsabiqəsində Bakı şəhəri 81 nömrəli tam orta məktəbin komandası III yerə layiq görülüb.
Daha bir uğur isə Amerika Birləşmiş Ştatlarında (ABŞ) qazanılıb. Belə ki, STEAM layihəsi tərəfindən keçirilən mühəndislik və robotexnika müsabiqələrindən seçilən istedadlı şagirdlərdən ibarət Azərbaycan komandası ABŞ-da təşkil edilən və dünyanın ən böyük robotatexnika yarışması olan “VEX Robotics World Championship 2022”də “Energy Team” kubokunu əldə edib. 50-yə yaxın ölkədən 4800 komanda və 15000-ə yaxın şagirdin iştirak etdiyi yarışda komandamız ən yaxşı iyirmiliyə daxil olaraq final oyunlarında VI yeri əldə edib. Komandanın tərkibində BŞTİ-nin tabeliyindəki 20 nömrəli məktəb-lisey və 153 nömrəli tam orta məktəbin şagirdləri də yer alıb.
Həmçinin paytaxtın ümumi təhsil müəssisələrinin şagirdlərindən ibarət 16 komanda Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş "STEAM Azərbaycan Festivalı 2021"də (“SAF 2021”) qalib olub.
Təhsil Nazirliyi tərəfindən reallaşdırılan layihənin məqsədi müasir çağırışlar əsasında inkişaf etmiş ölkələrdə həyata keçirilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədrisindən ibarətdir.