Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə (UFAZ) yeni qəbul olan 148 tələbə üçün “Oriyentasiya Günü” keçirilib.
Bu barədə Tehsil.biz e ADNSU-dan məlumat verilib. Bildirilib ki, tədbirdə əvvəlcə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın hərbi təxribatına qarşı apardığı əks-hücum əməliyyatlarında şəhid olan və Ermənistanın təxribatı nəticəsində həyatını itirmiş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı tələbə adını qazanan gənclərin bu il qarşılaşdıqları çətinliklərdən söhbət açıb, onlara yeni tədris ilində uğurlar arzu edib. O, tələbələrin müasir biliklərə yiyələnmələrində professor-müəllim heyətinin rolunu xüsusi qiymətləndirməklə yanaşı, uğur qazanmağın gənclərin özlərinin çalışqanlığından asılı olduğunu vurğulayıb.
UFAZ-ın direktoru Vazeh Əskərov Azərbaycan gənclərinə xaricdə təhsil imkanları yaradan dövlət proqramından danışıb, I kurs tələbələrinin oflayn təhsilinin davamlı olmasında pandemiya şəraitinin qaydalarına əməl olunmasının əhəmiyyətini vurğulayıb.
Azərbaycan-Fransız Universitetinin baş katibi Yelizaveta Bidanova UFAZ-da təhsil almağın üstünlüklərindən danışıb, tələbələrə şəxsi motivasiya, sosial bilik və bacarıqların əldə edilməsi haqqında qısa təqdimat edib.
Təhsil departamentinin müdiri Lətifə Nəsibova ümumi tədris prosesi haqqında məlumat verərək, tələbələri daha yüksək məqsədlər uğrunda səylə çalışmağa, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etməyə çağırıb.
Sonra Təhsil departamenti, yerli və əcnəbi müəllimlərdən ibarət akademik heyət birinci kurs tələbələrini akademik və inzibati qaydalar, tədris planları ilə tanış edib.
Qeyd edək ki, UFAZ-a qəbul olan tələbələr geofizika mühəndisliyi, kimya mühəndisliyi, kompüter elmləri və neft-qaz mühəndisliyi ixtisasları üzrə təhsil alacaqlar. Bütün tələbələr iki tələbə bileti (ADNSU və Strasburq Universiteti), UFAZ-da təhsillərini asanlaşdıracaq və 4 il müddətində istifadə edə biləcəkləri fərdi noutbukla təmin ediləcəklər.