Logo

Mədəniyyət naziri Beyləqanda vətəndaşlarla görüşüb - FOTOLAR

16.06.2022 16:06 354 baxış
IMG

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov iyunun 16-da Beyləqan rayon Heydər Əliyev Mərkəzində Beyləqan, Füzuli və Xocavənd rayonlarının sakinləri ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, qəbuldan öncə mədəniyyət naziri Anar Kərimov və Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. 

Nazir Anar Kərimov 2012-ci ildə rəsmi açılışı olan Beyləqan rayon Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, ulu öndərin həyatının və dövlətçilik fəaliyyətinin fərqli dövrlərini əks etdirən materiallar, şəkillər, tarixi sənədlər, eksponatlar, o cümlədən müxtəlif illərdə Beyləqana səfərləri ilə bağlı fotolara baxış keçirib. Nazirə məlumat verilib ki, ümummilli liderin xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyəti olan mərkəzdə rəsm studiyası, internet otağı, xarici dil kursu, həmçinin akt, konfrans və ekspozisiya zalları mövcuddur. 

Daha sonra Heydər Əliyev Mərkəzində nazirliyin məsul əməkdaşlarının da iştirakı ilə vətəndaşların qəbulu keçirilib. Beyləqan, Füzuli və Xocavənd rayonlarından olan sakinlərin müraciətləri əsasən işlə təmin olunma, kitabxana sahəsində fəaliyyətin təkmilləşdirilməsi, kitab nəşrinə köməklik göstərilməsi, iş yerinin dəyişdirilməsi və digər məsələləri əhatə edib.

Anar Kərimov vətəndaşların ayrı-ayrı məsələlərlə bağlı müraciət və təkliflərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Qaldırılan məsələlərin operativ, hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Xəbər lenti