Bu idarələr yaranandan sonra bir-çoxları burada vəzifə almaq eşqi ilə alışıb yanırlar. Təsəvvür edin ki, burada məsləhətçi vəzifəsi dövlət qulluğudur və müsabiqədən keçmədən burada işləməklə 412 manat nağd maaş almaq olar. Bu müddət ərzində maaşa əlavələr və sair mükafatlar da verilmir.
Bu idarələr vakansiya verəndən və dövlət qulluğun müsabiqəsindən keçəndən sonra isə nağd 840 manat maaş almaq olar. Daha sonra illər keçdikdən sonra staja və dərəcəyə görə maaşa əlavələr hesablanır. Bu regional idarə qonşu rayonda yerləşirsə işə gedib-qayıtmaq, qidalanma xərcləri və vaxt itkisini də nəzərə alsaq bu sadəcə zülümdür. Burada o qədər iş var ki, heç iş saatı bitəndən sonra belə idarəni tərk etmək müşkül işə dönür. Regional idarəni əhatə edən məktəblər o qədər ucqardadır ki, bəzən həmin yerlərə getmək zərurəti yaransa bu isə ayrıca xərc və əziyyətdir.
Kimlərsə güman edir ki, regioanl idarələrin əməkdaşlarına büdcədənkənar vəsaitlər hesabına əmək haqqına əlavələr ediləcək. Sanki bütün dövlət idarələri yerdən çıxıb, lakin bu idarələrin əməkdaşları göydən düşüblər. Təkcə regional idarələrdəki 712 nəfərə maaşın 1 misli həcmində əlavə ödəniş edilsə bu 1 milyon manat edir. Hələ nazirliyin strukturunda işləyən digər şəxsləri də siyahıya əlavə etsək böyük bir rəqəm alınır. Bu qədər pul Təhsil Nazirliyinin əmək haqqına əlavələr üçün nəzərdə tutulan büdcəsində varmı? Güya bu pul onlara vürilsə bu kadrlar təhsildə möcüzələr yaradacaqlar? Əgər məqsəd rüşvətxorluqla mübarizədirsə və bu pul rüşvət almamaq üçün əməkdaşlara veriləcəksə, elə əvvəlki əməkdaşlara və digər idarə əməkdaşlarına da versinlər və ölkədə korrupsiya tam dayansın da! Bir də ki, yerli təhsil idarəetmə orqanlarında bu qədər maaş olacaqsa dövlət qulluğu imtahanlarında müsabiqə şərtləri daha ağır olacaq və vəzifə arzusu ilə yaşayanlara bu mənada daha az füsət yaranacaq...
Bir sözlə, ağlınızı başınıza yığın, müəllimliyinizi, müavinliyinizi və dirrektorluğunuzu sakitcə edin... Direktor və müavini 12 saat dərslə, müəllim isə 1,5 stavka ilə nağd 1000 manatı rahat alır. Xərci, əziyyəti və vaxt itikisi də daha azdır...
Təhsil işçilərinin bu arzusunu anlamaq olur! Lakin Təhsil Nazirliyi və Regional Təhsil İdarələrinin bu vəzifələrə təyinat zamanı bu qədər çək-çevir etməsini heç cür anlamaq olmur. Verdiyiniz bu maaş və şəraitlə bu vəzifələri göylərə qaldırırsınız?
Təhsil xidmətləri araşdırma və təhlil mərkəzi