2022-ci ilin 17 iyun tarixində Türkiyənin KTO Karatay Universitetində “Dayanıqlı ağıllı kənd təsərrüfatı və islam maliyyəsi” mövzusunda 2-ci Karatay Beynəlxalq İslam İqtisadiyyatı və Maliyyəsi Konfransının (KARCIEF 2022) işinə start verilib.
Tehsil.biz xəbər verir ki, Türkiyə Odalar və Borsalar Birliyi (TOBB), Konya Ticarət Odası (KTO), Sakarya Universiteti və Mingəçevir Dövlət Universiteti (MDU) konfransın əsas tərəfdaşları olublar.
“Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən beynəlxalq konfransın açılışında KTO Karatay Universitetinin rektoru Fevzi Rifat Ortaç, Sakarya Universitetinin rektoru Fatih Savaşan, MDU-nun rektoru Şahin Bayramov və KTO Karatay Universitetinin İslam iqtisadı ve maliyyə bölümü rəhbəri Hamdi Döndüren çıxış ediblər.
KTO Karatay Universitetinin baş katibi Hüseyin Ergunun moderatorluğu ilə keçirilən açılış mərasimində beynəlxalq konfransın mövzusunun aktuallığından və əhəmiyyətindən bəhs edilib, konfransın təşkilatçılarına və bütün tərəfdaşlarına minnətdarlıq ifadə olunub.
Bildirilib ki, konfrans dünyanın müxtəlif ölkələrindən akademik heyəti və praktik mütəxəssisləri bir araya toplamaqla islam iqtisadiyyatı və maliyyəsi sahəsində mövcud problemləri müzakirə etmək və innovativ həllər təklif etmək məqsədi daşıyır. KARCIEF 2022 “İslamda kənd təsərrüfatı və aqrobiznes anlayışı”, “İslam bankları tərəfindən kənd təsərrüfatı sektoru üçün təqdim edilən maliyyə imkanları”, “Kənd təsərrüfatı dəyər zəncirində Fintex və islam maliyyəsi məhsullarının inkişafı”, “Kənd təsərrüfatı sektorunda kraudfandinq və islam maliyyəsinin potensialı”, “İslam maliyyəsi ərzaq təhlükəsizliyini gücləndirən strateji mexanizm kimi”, “Kənd təsərrüfatının maliyyələşdirilməsində islam maliyyəsi alətlərinin tətbiqi”, “Kənd təsərrüfatının inkişafında islam kapital bazarı alətlərinin rolu”, “Kənd təsərrüfatı sektoru üçün vəqf əsaslı islam Fintex modelləri” və “Kənd təsərrüfatında mənfəət və zərərin bölüşdürülməsi” mövzularını əhatə edir. Bir plenar və 15 bölmə iclasından ibarət təşkil edilən beynəlxalq konfransa dünyanın 7 ölkəsinin 19 ali təhsil və elmi-tədqiqat müəssisəsindən 100-ə yaxın məqalə daxil olub. Konfransa qəbul edilən məqalələr “Journal of Islamic Economics and Finance (KARJIEF)”, “International Journal of Islamic Economics and Finance Studies (IJISEF)” və “Journal of Islamic Finance (JIF)” kimi elmi nəşrlərdə dərc olunacaqdır.
Açılış nitqində beynəlxalq konfransda tərəfdaş universitet qismində geniş akademik heyətlə iştirak etməkdən məmnunluğunu bildirən MDU-nun rektoru Ş.Bayramov yaradılan şəraitə və göstərilən dəstəyə görə KTO Karatay Universitetinin rəhbərliyinə və konfransın təşkilatçılarına təşəkkürünü bildirib. Qeyd edib ki, konfransın əsas mövzusunun “Dayanıqlı ağıllı kənd təsərrüfatı və islam maliyyəsi” adlandırılması davamlı inkişaf sahəsində elmi araşdırmalara xüsusi önəm verən MDU-nun akademik heyət üzvləri tərəfindən böyük maraqla qarşılanıb.
İslam maliyyələşdirmə mexanizminin kənd təsərrüfatı sektorunda geniş tətbiq imkanlarına malik olduğunu vurğulayan Ş.Bayramov islam maliyyə alətlərinin aqrar məhsulların istehsalı, emalı və satışının maliyyələşdirilməsində əhəmiyyətli rol oyndaığını deyib. Rektor aparılmış tədqiqatlara istinad edərək türk dünyası və müsəlman coğrafiyasında kənd təsərrüfatının inkişaf potensialının mövcud istehsalla müqayisədə əhəmiyyətli dərəcədə yüksək olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu potensialın maksimum reallaşdırılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi və aqrar istehsalın dayanıqlı surətdə artırılması baxımından kənd təsərrüfatında islam maliyyəsinin səmərəli tətbiqi ilə bağlı araşdırmaların aparılması mühüm aktuallıq kəsb edir.
Beynəlxalq konfransın “Bir millət, iki dövlət” devizinə əsaslanan Türkiyə-Azərbaycan qardaşlığının elm və təhsil sahəsində də möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edən Ş.Bayramov bu platformada fəal iştirakın akademik heyət üzvlərinə böyük fayda qazandıracağına, tərəfdaş universitetlər arasında yeni əməkdaşlıqların və önəmli təşəbbüslərin formalaşdırılmasına əlverişli şərait yaradacağına inandığını söyləyib.
Beynəlxalq konfransın təşkilində əməyi və dəstəyi olan bütün tərəfdaşlara, məruzəçilərə və iştirakçılara minnətdarlığını bildirən rektor konfransın işinə uğurlar arzulayıb.
Proqrama uyğun olaraq konfrans öz işini plenar və bölmə iclasları ilə davam etdirəcək. Bölmə iclaslarında MDU əməkdaşları da elmi məruzələrlə çıxış edəcəklər.
Konfransın işinə iyunun 18-də yekun vurulacaq.
Qeyd edək ki, yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-da akademik və elmi potensialın gücləndirilməsi və hərtərəfli inkişaf etdirilməsi məqsədilə yerli və xarici tərəfdaş universitetlərlə birgə fəaliyyətlərin həyata keçirilməsinə xüsusi önəm verilir.