Logo

Gəncədə “Dayanıqlı moda: Tekstilin gələcəyi” adlı sərginin açılışı olub

18.06.2022 14:31 414 baxış
IMG

F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının nəzdindəki “Urban” Mərkəzində Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gəncə Regional Mədəniyyət İdarəsi, Azərbaycan Milli İncəsənət Muzeyi və İsveçin Azərbaycandakı Səfirliyinin birgə əməkdaşlığı çərçivəsində “Dayanıqlı moda: Tekstilin gələcəyi” adlı sərginin açılış mərasimi keçirilib. 

Tehsil.biz xəbər verir ki, açılış mərasimində Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, İsveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kristian  Kamil, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri və başqaları iştirak ediblər. 

Çıxışlarda qeyd olunub ki, bu cür sərgilərin keçirilməsi ölkələrimiz arasında olan mədəni əlaqələrin inkişafına təkandır. 

Sərgi İsveç İnstitutu tərəfindən tədqiqatçılar və moda mütəxəssisləri ilə birlikdə hazırlanıb. Moda sənayesinin əsas problemlərinin işıqlandırıldığı sərgidə daha dayanıqlı gələcək üçün İsveçdə irəli sürülən həll yolları və təşəbbüslər nümayiş olunur. 

Qeyd olunub ki, moda sənayesi dünyada ətraf mühiti ən çox çirkləndirən sahələrdən biridir. Hər il dünyada istehlak etdiyimiz 62 milyon ton geyimin yalnız 20 faizini təkrar istifadə və ya təkrar emal edirik. Sərgi həm istehsalçıların, həm də istehlakçıların paltarların və onların komponentlərinin təmirini, təkrar hazırlanmasını, təkrar istifadəsini və təkrar emalını maksimum dərəcədə artırmaqla moda sənayesinin ətraf mühitə arzuolunmaz təsirlərini minimuma endirə biləcəyi yolları izah edir. 

Sərgidə həmçinin, isveçli fotoqraf Elizabet Tolun Azərbaycana səfərləri zamanı Bakı, Qəbələ və Naxçıvanda çəkdiyi moda fotoşəkilləri İsveç meşələrinin şəkilləri ilə birlikdə nümayiş olunur. Elizabet Toll İsveçin Stokholm şəhərində anadan olub və orada böyüyüb. Beynəlxalq fotoqrafiya sahəsində uğurlu karyerası ərzində o, əsas diqqətini moda, portret və mənzərəyə yönəldib. 

Məlumat üçün bildirək ki, “Dayanıqlı moda:tekstilin gələcəyi” sərgisi 17 iyun – 17 iyul 2022-ci il tarixlərində Gəncə şəhəri Dövlət Filarmoniyasının nəzdindəki “Urban” Mərkəzində ziyarətçilər üçün açıqdır. Giriş sərbəstdir.

Xəbər lenti