Təhsilin tarixindən bəlli olduğu kimi, antik dövrün məktəblərində (Pifaqorun, Aristotelin, Platonun və s.) dünyəvi biliklər tədris edilirdi. Sokrat isə hətta müasir dövrün təlim metodları arasında özünə inamla yer tutan dialoq metodundan istifadə edirdi. I əsrdən etibarən dünyada dini məktəblərə üstünlük verildi, dünyəvi biliklər məktəblərdən uzaqlaşdırıldı. Dini biliklərin verilməsi “qəlbin təmizlənməsi” konsepsiyasına əsaslanırdı. İslam mütərəqqi bir din olaraq yarandığı gündən insanların maariflənməsinə böyük önəm vermiş, məscidlərin nəzdində yaradılan məktəblərdə dini biliklərlə bahəm dünyəvi biliklər tədris edilmişdi. Bunun nəticəsi olaraq IX-XII əsrlər dünya tarixinə Şərqin İntibah dövrü kimi daxil oldu. Görünür, sonrakı dövrlərdə Şərq ölkələrində və eləcə də Azərbaycan ərazisində dini biliklər dünyəvi bilikləri məktəblərdən uzaqlaşdıra bilmişdi. Məktəblərdə dini biliklərin verilməsi görkəmli mütəfəkkirləri, maarifçiləri və qabaqcıl müəllimləri qane etmirdi. Onlar dünyəvi biliklərin tədris edilməsi uğrunda həmişə mübarizə aparmışlar. Bu mübarizə Qərb ölkələrində orta əsrlərdə daha da güclənmış, kapitalizmə keçid zamanı isə daha kəskin xarakter almışdı. Nəticədə Qərb ölkələrində məktəb öz məzmununu daha erkən təkmilləşdirə bilmişdi. Şərq ölkələrində, eləcə də Azərbaycanda maarifçilik hərəkatı XIX əsrdə geniş vüsət almışdı.
Qarabağda ilk real məktəb
XIX əsrin ikinci yarısında ölkəmizdə maarifçilik hərəkatının güclənməsinin nəticəsi olaraq, dünyəvi təhsilin tədrisinə üstünlük verən məktəblərin sayı artmağa başladı. Bakı Real Məktəbini, Gəncə klassik progimnaziyasını buna misal göstərə bilərik.
Həmin dövrdə maarifçilik hərəkatının genişlənməsi ilə yanaşı, sənaye və ticarətin inkişafı nəticəsində əhalinin təhsilə olan tələbatının artması Şuşa şəhərində məktəb təsis etmək üçün tarixi şərait yaratdı. Məktəbin yaradılması məqsədi ilə şəhər əhalisi 1880-ci ilin iyun ayının 30-da Peterburq-Qafqaz komitəsinə aşağıdakı mətndə müraciət ünvanladı: “Şuşa şəhər sakinlərinin təhsilə olan cidd-cəhdinə (Şəhər məktəbində 400-dən artıq şagirdin oxuması bu cəhdi bir daha təsdiq edir) və şəhər ictimaiyyətinin arzusuna əsaslanan Gəncə qubernatoru Şuşa şəhərində 6 sinifli realnı məktəb açmağı xahiş edir. Şəhər ictimaiyyəti həmin məktəbi müvafiq bina ilə təmin etməyi və bir ildə 7500 manat pul ilə kömək etməyi öhdəsinə götürür”. Bu müraciətin nəticəsi olaraq, 1881-ci ilin sentyabr ayının 20-də Şuşa şəhərində 6 sinifli real məktəbin əsası qoyuldu. Məktəb üçün binanın və maliyyənin ictimaiyyət tərəfindən ayrılması əhalinin təhsilə nə qədər önəm verdiyinin göstəricisi kimi dəyərləndirilməlidir.
Məktəb hazırlıq və üç əsas sinifdən ibarət olaraq 159 şagird ilə fəaliyyətə başladı. Məktəbə qəbul edilən şagirdlərin 58 nəfərinin azərbaycanlı, 101 nəfərinin digər millətlərin nümayəndələrinin olması Azərbaycan xalqının həmişə humanizmə üstünlük verməsini göstərir.
Haşiyə: Azərbaycanlılar öz maliyyə vəsaitləri ilə məktəbin açılmasına və bina ilə təmin olunmasına nail olmuş və bu məktəbdə digər millətdən olan uşaqların savadlanmasına şərait yaratmışdı. Bu tarixi bir faktdır.
Şaşa real məktəbi yarandığı gündən tədris yüksək səviyyədə təşkil olunmuş, ciddi qayda-qanun yaradılmışdı. Şagirdlərin təhsilə münasibəti də nümunəvi olmuşdu. Məktəbdə tədris prosesində tərbiyəedici təlimə üstünlük verilmişdi. Deyilən bu fikirlər öz sübutunu aşağıdakı faktlarda tapır:
Birinci fakt: Qafqaz maarif nazirinin nümayəndəsi 1890-cı ildə şahzadə Ziaəddövlə Ənişirəvan mirzə Qacarı və antropoloq Şantrı məktəbə dəvət edərək, onların iştirakı ilə tədrislə və şagirdlərin dərsə davamiyyəti ilə maraqlanmışdı. Dərs buraxanların sayı cəmi 7,64 faiz olmuşdu. Bu fakt şagirdlərdə təhsilə həvəsin nə qədər yüksək olduğunun nümunəsidir.
İkinci fakt: Tarixdən məlumdur ki, din həmin dövrdə insanları başqa xalqların dillərini öyrənməkdən yayındırırdı. Məktəbin şagirdləri isə başqa xalqların dillərini öyrənməyə həvəs göstərirdi. Həmin dövrdə Tiflis məktəblərində şagirdlərə xarici dilin öyrədilməsi məcburi xarakter daşıyırdısa, Şuşa məktəbində bu, könüllülük prinsipi əsasında həyata keçirilirdi.
Üçüncü fakt: Şuşada yeni açılan məktəblərdə ədəbiyyatın tədrisi önəmli sayılırdı. Ədəbiyyat əsas tərbiyə vasitəsi kimi qiymətləndirilirdi. Şuşa Real Məktəbinin müfəttişini əvəz edən Şimanovski Qafqaz maarif nazirinin sərəncamlar bülletenində çap etdirdiyi məqalədə yazırdı ki, “Bizim orta məktəblərdə ədəbiyyat şagirdlərin əxlaq tərbiyəsində, söhbətlərin aparılmasında əsas silahdır”.
Şuşa Real Məktəbinin ilk müəllimləri
Məktəb yaradılandan sonra orada dərs deyəcək müəllimlərin müəyyən edilməsi mühüm pedaqoji məsələlərdən biri idi. Həmin dövrə qədər dini məktəblərin mütləq üstünlük kəsb etməsi, təbii ki, müəllim kadrlarının olmaması demək idi. Lakin nə yaxşı ki, əhali arasında təhsilə daha böyük marağı olan insanlar var idi və onlar molla yanında ilk təhsillərini aldıqdan sonra təhsillərini digər dünyəvi təhsil müəssisələrində davam etdirmişlər. Məhz bu insanlar ilk müəllimlər kimi Şuşa Real Məktəbində müəllim işləmək üçün dəvət aldılar. Onlar Şuşa Real Məktəbinin inkişafında önəmli rol oynamış və nümunəvi təhsil ocağı yaratmağa nail olmuşlar. Həmin müəllimlər haqqında hörmət və ehtiram əlaməti olaraq qısa məlumat verək.
İbtidai təhsilini Şuşada molla yanında alan Mirzə Salah bəy Zöhrabbəyov sonra Fransaya yollanmış, burada 12 il təhsil aldıqdan sonra Rusiyaya gələrək, Sankt-Peterburq şəhərində təhsilini davam etdirmişdi. O, inqilabdan əvvəl Şuşaya qayıtmış, öz vəsaiti ilə burada məktəb tikdirmiş və həmin məktəbdə rus dilini tədris etməyə başlamışdır. Mirzə Salah bəy Zöhrabbəyov “Azərbaycanlılar üçün rus dilinin tədrisi” dərs vəsaitini yazmışdır. Bir müddət Şuşa Real Məktəbində müəllim işləmişdir. O, Firidun bəy Köçərli ilə birlikdə “Təlimati-lisani-türki” dərsliyini də tərtib etmişdir.
Yusif bəy Malikhaqnəzərov ibtidai təhsilini molla yanında almış, sonra xüsusi məktəbdə hazırlaşaraq, Qori Müəllimlər Seminariyasında təhsilini davam etdirmişdi. Seminariyanı bitirdikdən sonra Zəngəzur qəzasında dərs demiş, sonra pedaqoji fəaliyyətini Şuşa şəhərində davam etdirmişdi. Yusif bəy şəhər məktəbində riyaziyyatdan dərs deyir, həmçinin şəhər dumasının üzvü və həvəskar teatr truppasında fəal aktyor kimi iştirak edirdi.
Qarabağın görkəmli ziyalılarından biri olan pedaqoq, publisist, tərcüməçi, jurnalist, yazıçı və naşir kimi tanınan Mir Haşım bəy Vəzirov molla yanında ilk təhsilini aldıqdan sonra şəhər məktəbində, daha sonra isə İrəvan Müəllimlər Seminariyasında təhsilini davam etdirmişdi. Müəllimlik fəaliyyətinə Böyük Vedi kəndində başlamışdı. Sonrakı illərdə Cavanşir qəzasının (Alpout və Bərdə kəndlərində) və Şəki qəzasının (Kiçik Köynük) kəndlərində dərs demiş, hətta bir müddət məktəb müdiri vəzifəsində də işləmişdi. Şuşada “müsəlman-rus” məktəbi yaradılanda Mir Haşım bəy Vəzirovu direktor vəzifəsinə dəvət edirlər. Məktəbdə işləməklə yanaşı Şəhər bələdiyyə idarəsinə qlasnı seçilmiş Mir Haşım bəy Vəzirov həmçinin Şuşa Real Məktəbinin hazırlıq sinfində də ana dili fənnini tədris edirdi.
Bu ziyalıların həyat və fəaliyyətləri ilə tanış olanda onların maarifçilik missiyasına nə qədər önəm verdikləri açıq-aydın görünür. Onlar xalqın övladlarına bilik öyrətmək üçün dövrün çətinliklərinə sinə gərmiş, müxtəlif məktəblərdə dərs demişlər. Şuşa Real Məktəbində, təbii ki, digər müəllimlər də pedaqoji fəaliyyətlə məşğul olmuşlar. Onlar haqqında məlumatlar axtarılır.
Məktəb şagirdləri ilə deyil, məzunları ilə fəxr etməlidir
Müəllimlərin və şagirdlərin qarşılıqlı fəaliyyəti, təbii ki, məktəbin pedaqoji mühitini təşkil edir. Bu zaman tədrisin təşkilinin səmərəliliyi burada neçə nəfər şagirdin təhsil alması ilə deyil (bu, kəmiyyət göstəricisidir), məzunların gələcək fəaliyyətlərində xalqa verəcəyi fayda ilə ölçülür (bu, keyfiyyət göstəricisidir). Şuşa real məktəbini bu istiqamətdə öz tarixi missiyasını uğurla yerinə yetirmiş xoşbəxt məktəb adlandırmaq olar. Bu məktəbin məzunlarının hər biri öz fəaliyyətini xalqımızın inkişafına istiqamətləndirmiş, Azərbaycanın taleyüklü məsələlərində önəmli rol oynamışlar. Şuşa real məktəbinin məzunlarının bəzilərinin həyat səlnaməsinin səhifələrinə qısa nəzər salaq:
Xalqımız Əbdürrəhim bəy Haqverdiyevi yazıçı və dramaturq, teatr xadimi, pedaqoq və ədəbiyyatşünas kimi yaxşı tanıyır. O həmçinin ictimai-siyasi xadim kimi də Azərbaycan xalqının inkişafına öz töhfəsini vermişdir. Belə ki, o, birinci Rus Dumasının Azərbaycandan deputatı, Gürcüstan Parlamentinin deputatı, Teatr Şurasının təsisçisi və rəhbəri, Yazıçılar İttifaqının üzvü olmuşdur. 1929-cu ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.
Müəllifliyi mübahisəli olan “Əli və Nino”, “Altunsaç” (bu əsərləri onun yazdığı ehtimal olunur), o cümlədən “İki od arasında” (“Qan içində”), “Qızlar bulağı”, “Studentlər” əsərlərinin müəllifi olan Yusif Vəzir Çəmənzəminli Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı Türkiyəsində ilk səfiri olmuşdu.
Qara bəy Əliverdilər ADR dönəmində parlament üzvü olmuşdu. Xudadat bəy Məlik-Aslanov dövlət xadimi, alim, ixtiraçı-mühəndis, yol nəqliyyatı və texniki elmlər sahəsində ilk azərbaycanlı professorlardan biri olmuşdu. AXC-nin hökumət kabinetində ilk yollar, poçt və teleqraf naziri olmuşdu. Azərbaycan SSR-də Dövlət Tikinti Komitəsinin sədri vəzifəsinə qədər yüksəlmişdi. Bir sıra məsul vəzifələrdə işlədikdən sonra Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsinin yol, sənaye, nəqliyyat və tikinti bölməsinin müdiri və həmin fakültənin dekanı olmuş (1924-1930), 1930-cu ildən isə Azərbaycan Neft İnstitutunun nəqliyyat fakültəsinə rəhbərlik etmişdi.Azərbaycan SSR Ali Texnika Komitəsinin sədr müavini (1928) və digər məsul vəzifələrdə çalışmışdı. Cavad bəy Məlikyeqanov Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimi, Lənkəran şəhərinin general-qubernatoru, Parlamentin üzvü, müsəlman fəhlələrinin həmkarlar ittifaqının yaradıcısı olmuşdu. Sovet hakimiyyəti illərində müxtəlif məsul işlərdə çalışmışdı. Gizli Müsavat Partiyasının üzvü olması ilə ittiham edilərək 1931-ci ildə həbs edilmiş, 1942-ci ildə sürgündə vəfat etmişdir. 1959-cu ildə ona bəraət verilmişdir.
Rüstəm bəy Axundov təhsilini əvvəlcə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında, sonra Tiflisdə gimnaziyada, daha sonra Xarkov Universitetinin hüquq fakültəsində davam etdirmişdi. Xüsusən məhkəmə sahəsində məhsuldar fəaliyyəti ilə fərqlənmişdi.
Xan Şuşinski Azərbaycanın görkəmli xanəndəsi kimi məşhurlaşmış, Azərbaycan SSR Xalq artisti adına layiq görülmüş və “Şərəf nişanı” ordeni ilə təltif edilmişdi.
Şuşa real məktəbinin bir çox məzunları pedaqoji fəaliyyətə üstünlük vermişlər. Məsələn, İsmayıl Məmmədbəy oğlu Şəfibəyov İrəvan gimnaziyasının müsəlman şöbəsinin müdiri işləmişdi. Bununla yanaşı, Şuşa şəhərində teatrın yaranmasında və inkişafında fəal iştirak etmişdi. Cabbar bəy Vəlibəyov ərəb və rus dilləri, tarix, riyaziyyat, Azərbaycan ədəbiyyatı fənlərini tədris etmişdi. Bəy, ziyalı və dindar olduğu üçün təqib olunmuşdu.1937-ci ilə kimi Ağdam rayonu I Baharlı kənd məktəbinin müdiri işləmiş, həmin ildə repressiyaya məruz qalmışdı. Ələkbər bəy Əliyev ADR dövründə Almaniyaya oxumağa göndərilmişdi. Berlin Kənd Təsərrüfatı İnstitutunda təhsil almışdı. Təhsilini bitirdikdən sonra qəza aqronumu təyin olunmuş, sonra müəllim, texnikum direktoru işləmişdi. 1941-ci ildən 1967-ci ilə qədər Azərbaycan Dövlət Universitetində Qərbi Avropa dilləri üzrə kafedra müdiri və müəllim kimi fəaliyyət göstərib. Feyzulla Əliquluzadə bir müddət müəllimliklə məşğul olub. Rusiya İmperiyası dağıldıqdan sonra, “Azərbaycan” adlı ilk qəzetin naşiri və redaktoru olmuşdur. Xudadat bəy Əzizbəyov Bakı şəhərində “İttihad” progimnaziyasında, eyni zamanda da “Gövhəriyyə” məktəbində müəllim kimi çalışmışdı. Savadlılığı yayma cəmiyyətinin nəzdində onun təşəbbüsü ilə “Rəşidiyyə” adlı məktəb açılmış, o bu məktəbə bir müddət rəhbərlik etmişdi. 1919-cu ildə “Azərbaycan” qəzetində çalışmağa başlamış, eyni zamanda da progimnaziyada müəllim işləmiş, daha sonra pedaqoji fəaliyyətini gecə məktəbində direktor vəzifəsində davam etdirmişdi. Əbdüləli Bağır oğlu Qazax qəzasının Dağ Kəsəmən kəndində müəllim kimi fəaliyyətə başlamış, sonra Ağcabədi kənd məktəbində müdir vəzifəsində çalışmışdı. Muxtar bəy Kərbəlayı Şirin bəy oğlu Zaqafqaziya Müəllimlər Saminariyasında tərbiyəçi kimi əmək fəaliyyətinə başlamış, sonra seminariyanın müəllimi olmuşdu. Həvəskar aktyor kimi bir çox tamaşalarda oynamışdı. Sovet dönəmində Qaryagin (indiki Füzuli) Rayon İcraiyyə Komitəsində məsul vəzifədə çalışmışdı.
Xeyirxah məqsədlərə xidmət edən bina
Şuşa real məktəbi sovet dönəmində özünün sonrakı inkişafını tapmadı. Əvəzində onun fəaliyyəti üçün ayrılmış bina öz xeyirxah missiyasını - yeni nəslin təhsilinin təşkili missiyasını davam etdirdi. Aşağıdakı təhsil müəssisələri onun sonrakı sakinləri olmuşlar:
1960-cı ilədək Şuşa Pedaqoji Texnikumu;
1960-cı ildən 1989-cu ilədək Riyaziyyat Təmayüllü 2 nömrəli İnternat Məktəbi;
1989-cu ildən 1992-ci ilədək APİ-nin (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) Şuşa filialı.
Lakin, təəssüflər olsun ki, təhsil sahəsində əvəzsiz töhfələri ilə tarixin yaddaşında iz salan Şuşa Real Məktəbinin bu binası 1992-ci ilin may ayında Şuşa şəhəri işğal edildikdən sonra erməni vandalları tərəfindən yandırıldı. Onlar bu yolla Qarabağ tarixini saxtalaşdırmaq istəyirdilər.
Xaqımızın humanizmi nəhayətsizdir. XX əsrdə bu humanizmdən ən çox yararlanan da elə ermənilər olmuşdu. Amma onlar yaddan çıxardırdılar ki, xalqımız zorakılığı qəbul etmir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı qələbə bu həqiqəti onlara başa saldı. Torpaqlarımızın işğalına son qoyuldu, Qarabağ torpaqları azad edildi.
Son soz əvəzi
Bina Şuşa Real Məktəbi üçün ayrılanda sanki ona maarifçilik missiyası vermişdilər. Torpaqlarımız işğal olunana qədər bina elə maarifçilik missiyasını yerinə yetirmişdi. Yandırıldıqdan sonra bəlkə də o öz missiyasını yerinə yetirmək üçün azad olunacağı günü gözləyirdi. Şuşaya səfəri zamanı erməni vandalizminin qurbanı olmuş Şuşa Real Məktəbinin dağıdılmış binası ilə tanış olarkən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi fikirlər müasir təhsil tariximizdə Şuşa səhifəsinin ən yaxın vaxtlarda yenidən açılacağını deməyə əsas verir.
Hikmət ƏLİZADƏ,
BDU-nun professoru