Logo

“O, elə gözəl qadındır ki, ona xəyanət etmək olmaz” - MÜSAHİBƏ

18.06.2022 23:11 504 baxış
IMG

“Orda 5000-dən çox tamaşaçı vardı və bunu milyonlarla insan izləyirdi televiziyadan. Mən də, o uşaqlar da ən yaxşısını ortaya qoymalı idik. Ermənilər baxıb deyirdilər ki, Azərbaycan bu şou-proqramla bizə qarşı “genosid” etdi”.

"Kaspi" qəzetinin yazısını təqdim edirik:

“Uşaq vaxtı teatra özüm gətirsəm də, rol vermədim, Cənnət xanım verdi. Düşünürdüm ki, həvəsdir. Sonradan yolundan çəkindirməyə çalışdım, türk liseyində oxutdum. Deyirdim ki, hansı sahəni seçir seçsin, bircə aktyorluq olmasın”.

İncəsənət, düşünürəm ki, nə qədər incə olsa da, güclü insanları   sevir. Güc və bir də sevgi. Bu iki məfhum bir yerdə olanda incəsənətin ən gözəli də meydana çıxır. Azərbaycanın mədəniyyət sahəsində bir çox ilklərə imza atan, ürəyində böyüməyən uşaqla 50 illik yubileyini qeyd edən aktyor, rejissor Nicat Kazımovla söhbətləşdim.

“Stressdən ayağım iflic oldu”

Atasının istəyinə qarşı çıxıb bu sənətə ancaq sevgi naminə gələn Nicat bəy deyir ki, çox çətinliklər görmüşəm: “Amma mən başa düşürdüm ki, ayaq üstə dayanmaq istəyirəmsə, dözməkdən, çalışmaqdan, zəhmət çəkməkdən başqa çərəm yoxdur. Bizim sənətdə 30 faiz istedad, 70 faiz zəhmətdir. Bəzən yoruluram, bezirəm, dincəlmək istəyirəm. 31 ildir dayanmadan teatrda, TV-də işləyirəm, universitetlərdə dərs deyirəm. Bu rejimdə işləyən adam üçün pandemiyada 2 il evdə qalmaq dəhşət idi. Stressdən ayağım iflic oldu. Başa düşdüm ki, mən bu sənətlə yaşayıram”.

“Ağlıma gəlməyən başıma gəldi”

Qismətə, alın yazısına inanan rejissor deyir ki, çox çətinliklər görmüşəm: “Bu gün də çətinliklərim var. Amma özümdən ötrü heç kimdən heç nə istəməmişəm. Qismətimdə nə varsa olacaq. Və qismətimdən, taleyimdən çox razıyam. Azərbaycanda bir çox ilklərə imza atmışam. Bu, hər sənət adamına nəsib olmur. Mənim ağlıma gəlməzdi ki, rejissor olaram, Dövlət Gənc Tamaşaçılar və Akademik Milli Dram Teatrında tamaşalara quruluş verərəm, İncəsənət Universitetində, Bakı Musiqi Akademiyasında dərs deyərəm, Kraliça Yelizaveta ilə görüşə bilərəm, onun ad günü, taxta çıxmasının 70 illiyi şərəfinə tədbir hazırlayaram, hərb sahəsində medallarla təltif edilərəm, Avropa teatr festivallarında münsif olaram. Ağlım kəsəndə, Şuşa artıq işğal olunmuşdu. Nə vaxtsa orda tədbirə quruluş verəcəyim ağlıma gəlməzdi. Yəni ağlıma gəlməyən bir çox şey başıma gəldi. Amma burda bəzi adamlar bunu görmək, bilmək istəmir, bəzən ağızlarına gələni yazırlar”. Və bu məqamda zarafatyana deyir ki, heç bəyənməsinlər, məni kraliça bəyənir.

Atlarla nə edəcəyəm?

May ayında Böyük Britaniyada Kraliça II Yelizavetanın taxta çıxmasının 70-ci ildönümünə həsr olunmuş “Vindzor Kral Atçılıq Şousu”nda ölkəmizi növbəti dəfə Döv¬lət Sərhəd Xidmətinin süvarilər dəstəsi və rəqs ansamblı təmsil et¬di. Bu tədbir üçün nümayəndə heyətimiz xüsusi olaraq “Odlar Yurdu” adlı şou-kompozisiya hazırlamışdı. Və bu möhtəşəm şounun quruluşçu rejissoru Nicat Kazımovdur. Ötən illərdə də bu şouya quruluş verən rejissor deyir ki, ilk dəfə bu təklifi alanda necə hazırlayacağımı düşündüm: “Fikirləşdim ki, atlarla nə edəcəyəm? Amma mənim üçün “yox” sözü yoxdur. Bir həftə bunu necə edəcəyimi düşünüb razılıq vermişdim. Bu il “Odlar Yurdu” kompozisiyasını “Qarabağ cəngisi”nin sədala¬rı altında “Sər¬hədçi” rəqs ansamblının rəqsləri, DSX-nin süvarilər dəstəsinin Qarabağ atları üzə¬rin¬də igidlik və hünər nümunələri, alov püskü¬rənlərin qeyri-adi perfo¬mansları ilə hazırladım. 6 dəqiqə davam edən şou müddətində süvariləri¬mizin başları üzərində Azərbaycan Respublikasının və Böyük Britaniyanın dövlət bayraq¬larını dalğalandırmaları diqqəti xüsusi cəlb edib. Bilirsiniz, orda 5000-dən çox tamaşaçı vardı və bunu milyonlarla insan izləyirdi televiziyadan. Mən də, o uşaqlar da ən yaxşısını ortaya qoymalı idik. Ermənilər baxıb deyirdilər ki, Azərbaycan bu şou-proqramla bizə qarşı “genosid” etdi”.

Atası kimi özü də oğluna qarşı çıxdı

Oğlunun davamçısı olmaq istəyinə qarşı çıxan aktyor deyir ki, istəyirdim ki, başqa sahəyə getsin: “Uşaq vaxtı teatra özüm gətirsəm də, rol vermədim, Cənnət xanım verdi. Düşünürdüm ki, həvəsdir. Sonradan yolundan çəkindirməyə çalışdım, türk liseyində oxutdum. Deyirdim ki, hansı sahəni seçir seçsin, bircə aktyorluq olmasın. Hər gün söz-söhbət olurdu. Əməkdar artist Nübar Novruzovanın qızı da həmin liseydə oxuyurdu. Bir gün Nübar gəlib dedi ki, niyə qoymursan oğlun aktyor olsun? O istedadda, fakturada oğlum olsaydı, istəyərdim aktyor olsun. Bu gün oğlum Mirsənan aktyordur. Yaxşı rolları var”. “Atanız sizin, siz də oğlunuzun qarşısını kəsməyə çalışıbsınız” deyincə, Nicat bəyin cavabı belə oldu:  “Atam başqa sahənin adamı idi, bu sahənin içini bilmirdi etiraz edirdi. Mən isə bilə-bilə istəmirdim. Fərqimiz budur. İkinci oğlum Mirismayıl isə Memarlıq və İnşaat Universitetində dizayner təhsili alır. Çox şükür ki, aktyorluğu seçmədi”.

Elə getsələr, yaxşıdır

Aktyorun fikrincə, xüsusi qabiliyyət tələb edən sahələrdə Boloniya sistemi olmamalıdır: “Yəni insanlar incəsənətə balı çatır deyə yox, sevdiklərinə görə gəlməlidirlər. O vaxt belə bir söz vardı ki, “incəsənət sahəsinə qəbul olmaq çətindir, oxumaq asan, AZİ-yə girmək asandır, oxumaq çətin”.  Mən isə deyirəm ki, teatrda təsadüfi adamlar olmamalıdır. Bir də ki, dərslərdə dəyişiklik olmalıdır. İndi nəzəriyyəyə daha çox üstünlük verilir. Aktyorluq sənəti, vokal, rəqs dərsləri əvvəlki kimi çox olmalıdır. Təsadüfən gələn tələbələr çətinliyə düşən kimi dözmür, gedirlər. Elə getsələr, yaxşıdır. Bir də bunu deyim ki, tapşırıqla, zənglə teatra aktyor gəlməz. Teatrın aktyora, rejissora ehtiyacı olar, dəvət edər. İndiyə kimi oğlum adımdan istifadə etməyib. Bununla qürur duyuram. Tutalım, adıma görə oğlum gəldi teatra. Bir, üç, beş dəfə alınmadı. Bəs sonra? Teatrda ancaq sənətini sevən adamlar olmalıdır”.  

 

 

Teatr elitar sənətdir

Nicat bəy teatrın statusundan da danışdı: “Çox istərdim ki, GTT-nin status məsələsi həll olunsun. Biz başqa teatrlardan heç nə ilə geri qalmırıq. Amma “Akademik” status alan teatrların əməkdaşları bizdən 2 dəfə çox maaş alır. Bizsə kənarda qalırıq. Teatr elitar sənətdir. Elitar sənətdirsə, onun işçiləri də elitar yaşamalıdır”. Səhnənin mistikasına inanan rejissor deyir ki, ora canlıdır: “Sən səhnəyə xəyanət edirsənsə, səhnə sənə on qat artıq xəyanət edir. Səhnə bağışlamır. O, elə gözəl qadındır ki, onsuz nəfəs almaq, ona xəyanət etmək olmaz.  Mən ona xəyanət etməmişəm, etməyəcəyəm də”.

Xəbər lenti