Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Təsviri Sənət Qalereyasının birgə təşkilatçılığı ilə “Qarşıla bizi, Şuşa!” adlı rəsm müsabiqəsi təşkil olunub.
Muzeydən bildirilib ki, “Şuşa İli” çərçivəsində keçirilən rəsm sərgisində qalereyanın 7-16 yaş arası şagirdlərinin rənglərin dili ilə Şuşanın gözəlliyini tərənnüm etdikləri rəsmlər, dekorativ tətbiqi sənət nümunələri, bədii şüşə, portretlərdən ibarət 75 ədəd əl işləri nümayiş edilib.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının orta ixtisas musiqi məktəb-studiyasının şagirdi Ə.Məmmədzadənin ifasında A.Dvorjakın “Yumoreska” əsəri səsləndirilib.
Müsabiqə iştirakçılarının əl işləri münsiflər heyəti tərəfindən qiymətləndirilib, iştirakçılar Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyi tərəfindən diplom və təşəkkürnamələr ilə mükafatlandırılıblar.