Ömrünün böyük bir hissəsini təhsilə və onun idarəçiliyinə sərf edən, əmək fəaliyyəti dövründə rayonun ictimai-mədəni həyatında fəal iştirak edən, sağlam düşüncəli mövqeyi ilə daim örnək olan qabaqcıl təhsil işçisi Tənzilə Ağabala qızı Şıxıyevanın 80 yaşı tamam olub.
Tehsil.biz xəbər verir ki, bu münasibətlə Habil Əliyev adına 1 nömrəli uşaq musiqi məktəbində yubiley tədbiri keçirilib.
Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, yubilyarın həmkarları və qonaqlar iştirak edib.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə çıxış edərək Tənzilə Şıxıyevanın əmək fəaliyyətinə toxunaraq onun rayon ictimaiyyəti arasında böyük hörmət və nüfuz sahibinə çevrildiyi, eyni zamanda orta ixtisas təhsili sahəsində kadr hazırlığı işində uzun illər böyük əmək sərf etdiyini diqqətə çatdırıb.
Rayonun ictimai-siyasi, sosial-mədəni həyatında fəal iştirakı, təhsilin idarəçiliyində uzun müddət səmərəli fəaliyyəti və anadan olmasının 80 illiyi münasibətilə yubilyara rayon İcra Hakimiyyətinin “Fəxri Fərman”ı təqdim edilib.
Tədbirdə çıxış edənlər Tənzilə Şıxıyevaya təbriklərini çatdırmış, ona uzun ömür, möhkəm cansağlığı diləyiblər.
Musiqi məktəbinin ansamblı və solistlərinin ifasında tədbir boyunca maraqlı konsert proqramı nümayiş etdirilib.
Göstərilən diqqət və qayğıya görə yubilyar tədbirin təşkilatçılarına minnətdarlığını bildirib, bundan sonrakı illərdə də rayonda ictimai fəaliyyətinin daha da gücləndirilməsi üçün bütün qüvvəsini sərf edəcəyini bildirib.