Peşə təhsili müəssisələrində fəaliyyətə başlayacaq karyera mərkəzlərinin işçi heyətinin hazırlığı üçün tədbir keçirilib.
Bu barədə Tehsil.biz-ə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. tədbir Avropa İttifaqının maliyyələşdirdiyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirdiyi “Gələcək üçün peşə təhsili və təlimi” layihəsi çərçivəsində təşkil edilib.
İkigünlük tədbirin məqsədi hazırda fəaliyyət göstərən karyera mərkəzləri mütəxəssislərinin bilik və bacarıqlarını artırmaq və ümumi olaraq potensialının gücləndirilməsidir.
Əlaqədar təşkilatçı tərəflərin, Dövlət Məşğulluq Agentliyinin nümayəndələrinin və Azərbaycan Respublikası Psixologiya Elmi-Tədqiqat İnstitutunun ekspertinin iştirak etdiyi tədbirdə peşə təhsilində davamlı karyera xidmətlərinin təmini üçün təhsil psixologiyası, valideynlərlə iş, psixometrik testlər və onların peşə seçimində tətbiqi mövzuları müzakirə edilib.
Qeyd edilməlidir ki, bu fəaliyyətlər sözügedən layihə tərəfindən ölkədə ilk dəfə olaraq peşə təhsili pilləsi üzrə hazırlanan Karyera Mərkəzlərinin İnkişaf Strategiyasına əsaslanır. Sənəd beynəlxalq təcrübəyə istinad edir və dünyanın qabaqcıl ölkələrində mövcud olan karyeraya dəstək xidmətlərinin aparılmasına dair əsas mövzuları əhatə edir. Strategiyada peşəyönümü işinin təşkili, peşə təhsilinin təşviqi, tələbələr və valideynlərlə maarifləndirici işin aparılması, insanın maraq və qabiliyyətini müəyyənləşdirməyə kömək edən psixometrik testlərin istifadəsi, peşə təhsilində ilk məzunlar birliyinin təsis və idarəedilməsi, peşə təhsili müəssisələri və işəgötürənlər arasında əməkdaşlıq qurulmasının əsasları, şəbəkələşmə və digər mühüm istiqamətlər, o cümlədən müvafiq icra mexanizmləri izah edilir.
Bu sənəd əsasında çalışacaq karyera mərkəzləri peşə təhsili tələbələrini daim ixtisaslarına müvafiq iş imkanları və karyera perspektivləri barədə məlumatlandıracaq, eyni zamanda, onların müasir iş mühiti üçün peşəkar hazırlığına yaxından dəstək olacaq. Mərkəzlərdə çalışacaq karyera ekspertləri peşə təhsili öncəsi, təhsil müddətində, habelə təhsilini başa vurmuş məzunlarla əlaqədar olaraq xidmət göstərəcək.
Qeyd edək ki, layihənin əsas məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə yardım etməkdir.