İşləyən qadın üçün həftə sonu istirahət günüdür demək, fikrimcə, ciddi haqsızlıq olar. Sadəcə həftə sonu iş yerin dəyişir, bu dəfə evdə işləyirsən. Elə bu həftə sonu da səhərdən ev işlərinə başım elə qarışmışdı ki, qəfil saata baxanda 17-ni göstərdiyini gördüm və xatırladım ki, düz bir saat sonra bir həftədən bəri baxmaq istədiyim tamaşanın nümayişi başlayacaq. Yorğunluğuma baxmadan, tələsik hazırlaşıb evdən çıxdım. Bir də bilirəm axı, artıq uzun müddətdir mənim yorğunluğumu aradan qaldıran qüvvə məhz teatrdır. Elə mən də istirahətə gedirdim...
İndiki dövrdə incəsənət, sürətlə qaçan zamanın ətəyindən tutub bircə anlıq saxlamaq ehtiyacından başqa bir şey deyil. Bunu da məhz xəyalpərəstlər edər, elə deyilmi? Zamanı saxlamaq... Necə də romantik səslənir... Amma eybi yox, qoy, biz xəyalpərəstliyimizlə zamana da, dövrana da qalib gələcəyinə inanan Don Kixotlar olaq. Bununla kiməsə zərər vermirik ki... Bacarsaq, incəsənətimizə xeyri dəyəcək, əksinə.
Məkansız, yurdsuz-yuvasız şəraitdə 2016-cı ildən bəri yaratdığı və bütün sənətruhlu insanların doğma ocağına-teatrına çevrilmiş "M Teatr"ın rəhbəri, zəhmətkeşi Xalq artisti Vidadi Həsənov da hərdən o Don Kixotu xatırladırdı. Amma onun davası yel dəyirmanlarıyla deyil, sənətə ögey münasibət bəsləyənlərlə idi. Nə xoş ki, bu "dava" illər sonra qismən də olsa, nəticəsini verdi və bu gün "M Teatr" öz məkanında sənətsevərlərini qəbul edir (bu haqda "M Teatr" yeni məkanda: uğurun səhnə həlli" yazımda yazmışam artıq).
"M Teatr"ın yeni məkanda ilk böyük işi adlı monotamaşa oldu. İyunun 11-12-də məkanın açılışı ilə premyerası baş tutan əsərin 3-cü nümayişi iyunun 19-u oldu. Hə, mənim də tələsdiyim tamaşa məhz bu idi.
Xoşbəxtlikdən bazar günü olduğundan yollar boş idi və mən vaxtında teatra çata bildim. Öncə Xalq artisti Vidadi Həsənov əvvəllər zəhmli hesab etdiyim, tanıdıqca isə qəlbindəki gözəlliklərdən gələn gözlərindəki işığı, üzündəki nuru kəşf etdiyim simasıyla teatrın yeni məkanı və tamaşa zalının dekorasiyası haqqındakı o maraqlı əhvalatı danışırdı. O əhvalatı mən artıq günlər öncə yuxarıda adını qeyd etdiyim məqaləmdə yazmışdım.
İndi isə tamaşa başlayır... Səhnə əsərinin məğzinə keçməzdən öncə, qeyd edək ki, "Vidalaşmadan getməyin" adlı tamaşanın müəllifi Rövşən Ağayev, quruluşçu rejissoru, Xalq artisti Vidadi Həsənov, səhnə plastikası Mikayıl Mikayılov, bəstəkarı Vüqar Məmmədzadə, rəssamı Ülkər Əliyevadır.
Monotamaşa tənha bir kişinin öz dilindən tökülən həyat hekayəsidir. Arvadı vəfat edən, övladlarının axtarıb, aramadıqları bu kişi ahıl yaşında dörd divara məhkum qalıb. Bu yaşda sinəsinə çökən tənhalıqdan yaxa qurtarmağın tək yolu isə evin hər tərəfindən asılmış arvadının fotoşəkilləridir. O, bu şəkillərlə "danışdıqca" biz də onun həyatını öyrənmiş oluruq.
Aktyor Oktay Mehdiyevin təsirli, canlı, səmimi ifasıyla tənhalığa məhkum edilmiş bir kişinin daxili iztirabları, mənəvi sarsıntıları, ruhundakı ağrılar tamaşaçıya birbaşa sirayət edir. Aktyor öz mükəmməl oyunuyla aktyor-tamaşaçı arasındakı baryeri, səhnəylə tamaşa zalı arasındakı maneələri dağıdır. O, gah tamaşaçıya, gah arvadının şəkillərinə, gah övladlarına, gah qonşularına, gah da özünə müraciət edir. Yetər ki, birindən biri onun bu çağırışlarına hay versin, öz səsindən başqa insan səsi də eşitsin... Danışdıqca miskin qoca keçmişin xatirələrinə dalır. Arvadını, övladlarının körpəliyini xatırlayır. Hiss olunur ki, onlar birgə xoşbəxt ömür sürüblər. Ya da bu tənhalığın, iztirabların yanında hər cür keçmiş xoşbəxtlik mücəssəməsi kimi xatırlana bilər.
Bütün bu sarsıntıların təsiriylə "qocalıq bizə cavanlıqda elədiyimiz günahların cəzasını çəkmək üçün verilmiş vaxtdır"-deyən kişinin aciz göz yaşlarının müşayiətilə ölümünü gözləməkdən başqa çarəsi yoxdur. Ancaq bu gözləmə az qala bütün ömrünə bədəl bir həqiqəti onun üzünə vurur: Deyirlər ki, əsl kişi öz arvadına sevdiyini deməz. Əslində isə, bu, belə deyil. Sevgini vaxtında, gec olmadan etiraf etmək, hətta hər nəfəsdə demək lazımdır. Yoxsa, O.Mehdiyevin personajı kimi şəkillərə, bədənsiz libaslara hayqırmağa məcbur qalarıq...