Londonda yaşayan 12 yaşlı Siham Hamud ətəyinin uzunluğu səbəbindən məktəbdə dərslərdən kənarlaşdırılıb. Eyni zamanda onun ailəsi də dərsləri buraxdığı üçün cərimə olunmaq təhlükəsi ilə üzləşib.
Tehsil.biz bu haqda “The Quardian” nəşrinə istinadla xəbər verir.
Son bir ay ərzində yeniyetmə müsəlman qız hər gün məktəbə gəlib və hər dəfə də məktəbə girməsinə icazə verilməyib. O, ətəyini daha qısa bir geyimlə dəyişdirmə tələbi ilə evə göndərilib.
Siham bir neçə ildir ki, uzun ətəklə dərslərə qatılıb və heç bir problem olmayıb. Ancaq keçən ay rəhbərlik məktəbliyə görünüşünün məktəb forması ilə uyğun olmadığını söyləyib.
Şagirdin atası, 55 yaşlı İdris Hamud qızının qısa ətəklə məktəbə getməkdən imtina etdiyini və indi məktəbin onu və həyat yoldaşı Salma Yusufu övladlarını "üzrlü səbəb olmadan" dərslərini buraxdıqlarına görə məhkəmə və pul cəzası ilə təhdid etdiyini bildirib.