Logo

Naxçıvan Dövlət Universitetində “Məzun Günü” qeyd olunub

23.06.2022 09:14 349 baxış
IMG

I Beynəlxalq Tibbi Forum çərçivəsində ali təhsil ocağında “Məzun Günü” keçirilib.

Tehsil.biz xəbər verir ki, mərasimdə formun iştirakçıları, universitetin müəllim və tələbə heyəti iştirak edib.

Aparıcılar tamaşaçıları salamladıqdan sonra, orkestrın musiqi sədaları altında məzun keçidi baş tutub.

Universitetin rektoru Elbrus İsayev təbrik çıxışı zamanı qeyd edib ki, tələbəlik illəri insan həyatında yer tutan ən önəmli dövrü təşkil edir. Həmin dövr gəncliyin xoş günlərini özündə əks etdirməklə yanaşı hər hansı bir ixtisasa, elmə, biliyə yiyələnmək, gələcəkdə ondan daim yararlanmaq baxımından tələbələrin həyatında böyük izlər qoyur. Qeyd olunub ki, universitetin də məqsədi məhz intellektual, bacarıqlı, vətənpərvər gənclər yetişdirməkdir.  Bu illər ərzində məzunların ictimai həyatda da aktiv olduğunu diqqətə çatdıran rektor bildirib ki, məzunlar təkcə auditoriyada deyil, universitetin ictimai həyatında fəallıq göstərib, bütün tədbirlərində fəal iştirak ediblər. Vurğulanıb ki, universitet həyatında baş verənlər tələbələrin həyatında gözəl xatirə kimi hər zaman yaşayacaq.  Elbrus İsayev “Məzun” adını qazanan bütün tələbələri təbrik edib, onlara  gələcək həyatlarında uğurlar arzulayıb. 

Mərasimin xüsusi qonaqlarından olan, həmçinin I Beynəlxalq Tibbi Forumun iştirakçısı,  İstanbul Yeditepe Universitetinin rektoru, professor Canan Aykut Bingöl Naxçıvan Dövlət Universitetində olmaqdan və I Beynəlxalq Tibbi Forum çərçivəsində keçirilən “Məzun Günün”də iştirak etməkdən məmnunluğunu ifadə edib. Rektor Azərbaycanla Türkiyə arasındakı  dostluq və qardaşlıq münasibətlərinə toxunub. Bildirilib ki, əsrlər boyu Azərbaycan və türk xalqları hər zaman bir-birinə dəstək olub, sıx əməkdaşlıq edib, “bir millət, iki dövlət olub”. Canan Aykut Bingöl məzunları təbrik edib, onlara xoş sözlər ünvanlayıb.

Vaxtilə Naxçıvan Dövlət Universitetinin məzunu olan, hal-hazırda isə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin Sədri Asim Yadigar qeyd edib ki, tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə gənc nəsillə bağlayır. Bildirilib ki, gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Həmçinin, dünyanın istənilən ölkəsində gənclər də sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri, cəmiyyətin islahatlarını hərəkətə gətirən zümrəsi və yaşlı nəslin davamçısı hesab olunur. Məhz Naxçıvan Dövlət Universiteti də bacarıqlı gənclərin yetişdirilməsində xüsusi rol oynayır. Asim Yadigar məzunları təbrik edərək, onlara can sağlığı arzulayıb.

Məzunların arasında Vətən Müharibəsində qəhrəmancasına, şücaətlə vuruşaraq Şəhid olan, “Vətən Müharibəsi Qəhrəmanı” adına laiq görülən Faiq Qasımovun övladı Zamin Qasımov da olub. Məzun iştirakçılarla öz fikirlərini bölüşüb, ali təhsilini məhz Naxçıvan Dövlət Universitetində aldığına görə qürur hissi duyduğunu bildirib. Zamin Qasımov bütün “Məzun” yoldaşlarını təbrik edib.

Sonra mərasim tələbələrin hazırladığı konsert proqramı ilə davam edib. İşərisində xarici tələbələrin də musiqi nömrələrinin yer aldığı konsert və rəqs nümunələri iştirakçılarda xoş ab-hava yaradıb. Konsert proqramı zamanı tələbələrin əl işlərinin də nümayiş olunduğu sərgi izləyicilərdə maraq doğurub.

Daha sonra fakültələr üzrə məzunlar təbrik çıxışları ediblər. Pedaqoji fakültənin tələbələrinin hazırladığı tamaşa iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. 

Mərasim zamanı universitetin məzunlarından ümümi orta müvəffəqiyyət göstəricilərinə görə fərqlənən tələbələrə plaket və hədiyyələr təqdim olunub, məzun Səkinə Məmmədzadə “Məzun kötüyünə” xatirə lövəsini vurub. 

Sonda məzunlar “papaq atma” mərasimi üçün geri sayım ediblər.

Xəbər lenti