“Xalq şairi Rəsul Rzanın ev-muzeyinin yaradılması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamı ancaq yüksək qiymətləndirə bilərəm. Cənab Prezidentə böyük minnətdarlığımı bildirirəm. Çox sevincliyik”.
Bunu "Report"a açıqlamasında Rəsul Rzanın oğlu, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev bildirib.
O qeyd edib ki, R.Rzanın Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi 21/26 ünvanında yerləşən mənzilində hazırda yaşayış yoxdur: “Rəsul Rzanın bütün əşyalarını qoruyub saxlamışıq. Atamın vaxtilə istifadə etdiyi yazı masasını, mebellərini, avadanlıqlarını, fotolarını, kitablarını, əlyazmalarını və s. hamısını qorumuşuq”.
A.Rzayev söyləyib ki, ev-muzeyinin necə olması ilə bağlı danışmaq hələ tezdir: “Çünki sərəncam yeni imzalanıb. Onu deyim ki, mənzilin qismən təmirə ehtiyacı var. Daha sonra əşyaların necə yerləşdirilməsi, ştat vahidinin necə formalaşdırılması və s. haqqında düşünmək lazımdır”.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 23-də R.Rzanın ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb.