Logo

Şərqşünaslıq İnstitutunda Hidayət Orucovla görüş olub - FOTOLAR

23.06.2022 18:17 355 baxış
IMG

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli şair-dramaturq, diplomat Hidayət Orucovla görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva görkəmli ziyalı, şair-dramaturq və ictimai-siyasi xadim Hidayət Orucovun Azərbaycan dövlətçiliyinə və ədəbiyyatına böyük xidmətlər göstərdiyini deyib, onun hərtərəfli istedadlı bir şəxs olduğunu söyləyib.

Gövhər Baxşəliyeva qonağa Orucova Şərqşünaslıq İnstitutunun fəaliyyəti və uğurları barədə məlumat verib.

Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin aparıcı elmi işçisi, dosent Rauf Qarayev Hidayət Orucovun həyat yolu, ictimai-siyasi fəaliyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Onun poeziya, publisistika, nəsr, tərcümə kitablarından danışıb, ədəbiyyat, incəsənət, kitab mədəniyyəti məsələləri, millətlərarası münasibətlər, din, milli-mənəvi dəyərlərimiz, tarixi keçmişimiz, türk xalqlarının deportasiyası və soyqırımlarına həsr olunmuş çoxsaylı məqalələrin müəllifi olduğunu qeyd edib.

İnstitutun icraçı direktoru dosent Ruhəngiz Cümşüdlü Hidayət Orucovun bədii yaradıcılığından danışıb. Hidayət Orucovun görkəmli şair, nasir, dramaturq, publisist, tərcüməçi və ictimai xadim kimi tanındığını deyən R.Cümşüdlü onun vətəni və milləti üçün zəkasını, intellektual potensialını əsirgəməyən, milli ruhlu və vətəndaş qeyrətli ziyalı olduğunu vurğulayıb. Hidayət Orucovun qələmə aldığı bədii, elmi-publisistik əsərlərdə bu gün siyasi xəritədə olmayan, lakin Azərbaycanın tarixi torpaqları olan Qərbi Azərbaycanın ən yeni tarixinin canlı səhifələrinin vərəqləndiyini, ictimai-siyasi hadisələrin hərtərəfli təhlilinin verildiyini qeyd edib.

O, Hidayət Orucovun şeirlərini oxuyarkən Qərbi Azərbaycanın zəngin toponimik coğrafiyasına səyahət imkanı əldə edildiyini bildirib, ədibin epik lövhələrlə Azərbaycanın qədim torpaqlarının tarixi kitabını yaratdığını diqqətə çatdırıb: “Millətim zirvəli dağlardan uca” deyən Hidayət Orucov elə bu təfəkkürlə hələ İrəvanda yaşayıb-yaradarkən Azərbaycan xalqını təmsil etdiyinin məsuliyyətini daşıyır. Öz tərcümeyi-halını mənsub olduğu xalqın tarixindən ayırmayan şair, ictimai-siyasi xadim Hidayət Orucov Azərbaycan xalqının genetik yaddaşının qorunmasında müstəsna xidmətlər sahibidir”.

Görüşdə çıxış edən Hidayət Orucov Şərqşünaslıq İnstitutunun vaxtilə Sovet İttifaqının aparıcı şərqşünaslıq mərkəzlərindən biri olduğunu, burada dünyaşöhrətli alimlərin elmimizə böyük töhfələr verdiyini deyərək, bu gün də həmin məktəbin ənənələrinin davam etdiyini müşahidə edərkən qürur duyduğunu söyləyib.

Hidayət Orucov Prezident İlham Əliyevin fəaliyyətinin, müdrik siyasətinin Qırğızıstanda və ümumiyyətlə bütün Mərkəzi Asiya regionunda çox yüksək dəyərləndirildiyini xüsusi qeyd edib. O, Qırğızıstan və Azərbaycan xalqlarının qardaşlığının, əlaqələrin möhkəmliyinin özünü 44 günlük Vətən müharibəsi günlərində və ondan sonrakı dövrdə qırğız xalqının və dövlətinin Azərbaycana dəstək münasibətində xüsusi göstərdiyini vurğulayıb. O, həmçinin AMEA-nın Şərqşünaslıq İnstitutunun Qırğızıstanın elmi müəssisələri ilə əməkdaşlıq qurması imkanlarından danışaraq, bunun hər iki tərəfə faydalı olacağını qeyd edib.

Sonda Hidayət Orucov şərqşünas alimlərin suallarını cavablandırıb.

 

Xəbər lenti