“Keçən ilin dekabrında Təhsil naziri imtahan sessiyasının keçirilməsi üçün əmr verib. Yanvarın 11-dən başlayaraq imtahan sessiyaları başlayıb”.
Tehsil.biz-in məlumatına görə, bunu Təhsil Nazirliyinin “Facebook” səhifəsində pandemiya şəraitində tədrisin və imtahanların təşkili mövzusuna həsr olunan vebinarda Nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli bildirib.
Onun sözlərinə görə, bütün semestr boyu dərslər daha çox onlayn keçirildi: “Keçən ilin son semestrindən bu prosesə başladıq və davam etdi. Bir sıra problemlər mövcuddur, təhsil müəssisələri ilə birgə bu problemlərin öhdəsindən gəlməyə çalışırıq. Ən vacib məsələ imtahan formasının dəyişdirilməsi idi. İndiyə qədər imtahan sessiyaları daha çox yazılı keçirilirdi, pandemiya şəraitində bütün faktlar nəzərə alınaraq bir çox universitet və orta ixtisas təhsili müəssisələrində imtahan daha çox şifahi formaya keçib və onlayn formada olub. Bəzi universitetlərdə yazılı imtahanlar da ola bilər. Semestrin son dövrü müharibəyə düşdüyü üçün internetlə bağlı da müəyyən məhdudiyyətlər oldu. Ona görə də xüsusilə regionlarda tələbələrin müəyyən internet problemləri olub. Bu semestr bizim üçün çox maraqlı və çətin dövr idi. Təhsil, tədris prosesində yaranan müxtəlif fasilələr və imtahanların ənənəvi formada deyil, digər formada keçirilməsi təhsilalanlar üçün də, təhsilverənlər üçün müəyyən çağırışlar yaradıb. Bu dövr ərzində təhsil prosesinin davamlılığının təmin olunması əsas vəzifədir. Hazırda təhsil alanlar 2-3 il sonra əmək bazarına qatılacaq. Məhz buna görə də onların daha məsuliyyətli şəkildə dərslərinə yanaşması mühümdür. Yeni keyfiyyət meyarları əsasında təhsilə yanaşmaları olmalıdır. İmtahanların təşkili, güzəştlərlə bağlı müxtəlif təkliflər, mesajlar eşidirik, amma dövr kifayət qədər məsuliyyətli olmağı tələb edir”.