2022-ci ilin 21 iyun tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin “Şuşa İli” çərçivəsində ali təhsil müəssisələrinin filologiya və jurnalistika fakültələrinin tələbələri arasında təşkil etdiyi “Ayrılmadı könül candan!” hekayə və esse müsabiqəsinin qalibi olan universitetin IV kurs tələbəsi Günel Məmmədova ilə görüşüb.
Tehsil.biz xəbər verir ki, Respublika səviyyəsində keçirilən müsabiqədə birincilik əldə etməsi münasibətilə G.Məmmədovanı təbrik edən rektor universiteti layiqincə təmsil etdiyinə görə ona təşəkkürünü bildirib.
Milli-mənəvi dəyərlərimizin və ana dilinin saflığının qorunması, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından müsabiqənin əhəmiyyətini diqqətə çatdıran Ş.Bayramov “Şuşa İli” çərçivəsində belə bir tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını ifadə edib.
Gənclərin bilik və bacarıqlarının artırılmasına, onların yaradıcılıq qabiliyyətlərinin inkişafına hədəflənən bu cür müsabiqələrdə fəal iştirak etməyi tövsiyə edən rektor tələbəyə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Əldə etdiyi birinciliyin əsasında müəllimlərinin böyük zəhmətinin və universitetdə tələbələrin hərtərəfli inkişafı üçün yaradılan şəraitin dayandığını qeyd edən G.Məmmədova MDU-da təhsil almağından məmnunluğunu ifadə edib, göstərilən diqqətə və dəstəyə görə minnətdarlığını bildirib.
Qeyd edək ki, sözügedən müsabiqə mədəniyyət paytaxtımız Şuşanın və bütövlükdə Qarabağın çoxəsrlik mədəni, tarixi irsinin təbliği və qorunması, gənc nəsil tərəfindən öyrənilməsi, həmçinin tələbələrdə düzgün yazı vərdişlərinin inkişafı, ədəbi dil normalarına riayət olunmasının təmin edilməsi məqsədilə keçirilib. Müsabiqəyə müxtəlif ali təhsil müəssisələrinin tələbələrindən 53 esse və hekayə təqdim olunub. MDU-nun Təhsil fakültəsinin IV kurs tələbəsi G.Məmmədovanın “Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir” adlı hekayəsi birinci yerə layiq görülüb.