İyun ayının 23-də Mingəçevir şəhər İcra Hakimiyyətinin müşavirə zalıında dövlət qulluqçularının peşə bayramı günü münasibəti ilə tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbir iştirakçıları öncə Heydər Əliyev Mərkəzinin qarşısında ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq ehtiramlarını bildiriblər. Tədbiri Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açaraq qeyd edib ki: “İyunun 23-ü Birləşmiş Millətlər Təşkilatı tərəfindən “Dövlət Qulluğu günü” elan edilmişdir. Ölkəmizdə də, cənab Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamına əsasən 23 iyun Dövlət Qulluqçularının peşə bayramı kimi qeyd olunur.
Bu bayram münasibətilə mən Sizləri, eləcə də Mingəçevir şəhərində dövlət qurumlarında işləyən bütün dövlət qulluqçularını ürəkdən təbrik edir, hamıya şərəfli xidməti işlərində uğurlar arzu edirəm. Məlumdur ki, dövlət qulluqçusu kimi fəaliyyət göstərmək həm böyük məsuliyyətdir, həm də şərəfdir. İstərdim ki, hər bir dövlət qulluqçusu Azərbaycan dövlətinin onun qarşısında qoyduğu vəzifələri layiqincə yerinə yetirsin.
2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanun qəbul edilib, mütəmadi olaraq təkmilləşdirilib, 180-dən artıq dəyişikliklər edilib, mükəmməl bir hüquqi akt yaradılıb. Bu aktla da dövlət qulluqçularının etik davranış qaydaları, icbari sığortası, pensiya təminatı və digər məsələlər tənzimlənir. Ölkəmizdə digər sahələrdə olduğu kimi, dövlət qulluğu sahəsində də islahatlar aparılır, müəyyənləşmiş proqramlar həyata keçirilir. Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün strategiya”ya uyğun olaraq tədbirlər planı təsdiq olunmuşdur ki, bu plan əsasında hər bir dövlət qurumunun vəzifələrinin müəyyənləşdirilməsi üçün müvafiq tapşırıqlar verilmişdir.
Cənab Prezident İlham Əliyevin dövlət qulluğu sahəsində apardığı islahatların nəticəsi olaraq bir neçə dəfə dövlət qulluqçularının əmək haqqında artımlar müəyyən edilmişdir. Bu yaxınlarda dövlətimizin başçısının sərəncamı ilə dövlət qulluqçularının əmək haqqı yenidən artırılmışdır. Hazırda dövlət qulluqçularının təhsil səviyyəsinin və elmlərinin artırılması istiqamətində geniş imkanlar yaradılıb. Bütün bunlar Prezidentimizin dövlət qulluqçularına diqqət və qayğısının təzahürüdür. Bu daimi diqqət və qayğıya görə hamımızın adından hörmətli Prezidentimizə təşəkkürümüzü bildirir, ona möhkəm can sağlığı, ölkəmizin inkişafı naminə həyata keçirdiyi bütün işlərdə uğurlar arzulayıram.
Qeyd olundu ki, ölkə prezidenti cənab İlham Əliyevin növbəti sərəncamı ilə bir qrup dövlət qulluqçusu təltif olunub. Onların sırasında Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini Hikmət İsfəndiyar oğlu Kərimov da var. Hikmət müəllimi bu yüksək mükafat münasibəti ilə ürəkdən təbrik edir, ona işlərində uğurlar arzilayıram.”
Sonra şəhər maliyyə idarəsinin rəisi Sultan Əsədov, Mərkəzi Aran Regional Təhsil idarəsinin Mingəçevir şəhər Təhsil sektorunun baş məsləhətçisi Zamik Cəbiyev, dövlət qulluqçusu veteranı Rizvan Mikayıllı, Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli çıxış edərək dövlət qulluqçularını peşə bayramları münasibəti ilə təbrik edərək xoş arzularını dilə gətirdilər.
Şəhər rəhbəri İlham İsmayılov tədbirə yekun vuraraq bildirdi ki: “Son illər ölkəmizdə gedən inkişaf, tərəqqi prosesləri bütün bölgələr kimi şəhərimizdə də uğurla davam edir. Hər bir şəhər sakini kimi, dövlət qulluğunda çalışan əməkdaşlar da bu işlərdə yaxından iştirak edirlər. Nəticədə şəhərimiz günü-gündən inkişaf edir, gözəlləşir, insanlarımızın daha rahat, daha firavan yaşaması üçün şəraitləri yaxşılaşır. Bu ölkə Prezidentinin qarşımızda qoyduğu əsas vəzifədir və hər birimiz fəal və səmərəli işləməliyik ki, bu vəzifəni ləyaqətlə icra edək.
Sizi bir daha Peşə bayramınız münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür, can sağlığı, xoşbəxtlik və şəhərimizin inkişafı naminə işlərinizdə müvəffəqiyyətlər arzulayıram.”