İyunun 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində Bakı Frankofon Karyera Mərkəzinin açılışı baş tutub.
Tehsil.biz xəbər verir ki, Bakıda səfərdə olan Frankofon Universitetlər Agentliyinin (AUF) Mərkəzi və Şərqi Avropa üzrə Regional direktoru, doktor Mohamed Ketata və ADNSU rektoru, professor Mustafa Babanlı açılışda rəmzi lenti kəsiblər.
Tədbirdə həmçinin Fransanın Azərbaycandakı səfirliyinin Mədəniyyət işləri üzrə müşaviri Jerome Kelle iştirak edib.
AUF yeni strategiyasına uyğun olaraq dünya üzrə 50 frankofon karyera mərkəzi yaratmaq niyyətini elan edib və belə mərkəzlərdən biri Bakıda açılır. Bu mərkəz həm UFAZ, həm də digər universitetlərdə təhsil alan fransız dilli tələbələrin şəxsi inkişaf və karyerada irəliləməsi məsələlərində onlara dəstək olacaq.UFAZ və ADNSU 2019-cu ildən 120-dən çox ölkədə 1000-dən artıq universiteti özündə birləşdirən AUF-in tam hüquqlu üzvüdürlər.