Kulis.az Simran Qədimin “Sayrışan esselər” silsiləsindən II yazını təqdim edir.
Fikir bildirmək
Önə çıxmaq instinktinin təzyiqiylə hər mövzuya fikir bildirib, nəsə bir söz demək istəyi çox vaxt insanı xoşagəlməz vəziyyətlərə salır. Bir mövzu haqda çox danışmaq hələ onu yaxşı bilmək anlamına gəlmir. Daim başqalarının düşüncələrini - çox vaxt yanlış fikir sahiblərinin, bəzənsə doğru fikir sahiblərinin, amma yanlış, yarım-yapalaq qavramaqla - təkrarlamaq asan yola can atmaqdır.
Bununla özümüzü hərtərəfli, bilikli, superintellektual kimi göstərməyə çalışsaq da, bir məqamı nəzərdən qaçırmamalıyıq: "bilmirəm" sözü məsuliyyətin, dürüstlüyün, təvazökarlığın göstəricisidirsə, yerli-yersiz "bilirəm" demək sözlə reallıq arasındakı əlaqəyə dəyər verməmək, yalanın nəfəs tapmasından narahatlıq keçirməməkdir.
Hər hansısa mövzunu dəqiqliklə bilməkdən, nisbətən dərinliyə varmaqdan ötrü müəyyən şərtlər tələb olunur: alternativ düşüncələrə, sərbəst müzakirələrə açıq olmaq, dərin araşdırma aparma bacarığına yiyələnmək, qlobal dünyagörüşü, geniş təhlil, obyektiv baxış, rasional təfəkkür...
İnsanın qavrama spektri
İnsan gözü elektromaqnit spektrinin hədsiz kiçik - on trilyonda bir hissəsini görür. Halbuki bu spektr çox genişdir: radiodalğalar, mikrodalğalar, infraqırmızı, ultrabənövşəyi, rentgen, qamma şüaları...
Gün ərzində cürbəcür, məsələn, televiziya kanallarının, radio siqnallarının, mobil telefonların, vayfayın şüaları içimizdən keçib gedir. Amma gözlərimizdə onları tutan reseptorlar olmadığından heç nə hiss etmirik. Əgər elm bugünkü qədər inkişaf etməsəydi, heç onların varlığından da xəbər tutmazdıq.
İnsandan fərqli olaraq, digər canlılarda isə vəziyyət başqadır. Misal üçün, bal arıları ultrabənövşəyi, zınqırovlu ilanlar infraqırmızı şüaları tuturlar. Digər tərəfdən, qara bıçaq balıqları elektrik sahələrindən güclü siqnallar alır, yarasalar isə səs dalğalarından.
Müxtəlif cihazların, canlıların bizim qavramaqda aciz olduğumuz şeyləri "oxuya" bilməsi duyğularımızın fövqündə tamam fərqli, dərk edilməsi mümkünsüz bir gerçəkliyin varlığından xəbər verir. Son dərəcə məhdud imkanlara malikik, obyektiv reallığı yalnızca duyğu üzvlərimizin, beynimizin sərhədləri çərçivəsində qavrayırıq.
Beyinin müqaviməti
Genetik faktorlardan əlavə, tərbiyə, təhsil, ətraf mühit, mədəniyyət, yaşam tərzi kimi amillərə görə bir-birindən fərqlənən insanların əksəriyyətində ümumi bir cəhət var: başqalarını da özünə oxşatmaq istəyi! İnsanlar içindəcə gileylənir:
"Sən də mənim kimi düşünməlisən", "Mən yanlışla doğrunu, yalanla həqiqəti, pislə yaxşını ayıra bilirəm, o isə yox!", "Hamı mən anlayanları dərk eləyə bilməz ki!"
Beyin, adətən, alternativ düşüncələrə, fərqli baxışlara qarşı durub, özünün formalaşdırdığı sərhədlərdən kənara çıxmaq istəmir. Əksinə, digərlərini öz sərhədləri çərçivəsinə salmağa çalışır. Borxes demiş, müqavimət göstərən ağıla həqiqətin daxil olması çətindir.
Digər tərəfdən, ümumiyyətlə, "həqiqət" deyilən şey varmı? Sərhədləri haradan başlayıb, harada bitir? Onu konkretləşdirmək, bəlli bir ehkama, tabuya çevirmək mümkündürmü?
Minillər boyunca bir çox müdriklərin konturlarını cızdığı müəyyən bəşəri dəyərlər olsa da, həyata bir sıra anlamlar, mənalar yüklənsə də, dəyişilməsi mümkünsüz hökmlər yoxdur. Mücərrəd anlayışlar həmişə müzakirələrə, mübahisələrə açıq olur.
Fikir ayrılıqları ona görə normaldır ki, hamının eyni sözü söyləməsi heç kəsin düşünməməsi, bir-birini təsdiqləməsi deməkdir. Başqalarının fikirlərini təkrarlamaq eynən başqalarının bizim düşüncələrimizi təkrarlamasını istəmək qədər zərərlidir.
Hisslər, yoxsa məntiq?
Hissləri məntiqdən üstün tutmağa meyilliyik. Əgər hisslərimizlə məntiqimizin dedikləri bir-birini inkar etsə, hisslərimizə üstünlük verməyə çalışacağıq. Amma bunu nəinki başqalarına, heç özümüzə də etiraf etmək istəmirik. Belə məqamlarda bəzən şüur işə düşüb hisslərin haqlı olduğunu iddia edir, qərarlarımızı rasionallaşdırmağa, içimizdə səhv düşünmədiyimizə dair əminlik duyğusu yaratmağa çalışır. Çox vaxt düşünmədən, impulsiv hərəkətlər edir, sonra isə özümüzə təskinlik verməkdən ötrü onu müxtəlif arqumentlərlə, bəhanələrlə əsaslandırırıq. Halbuki tərsinə olmalıdır: əvvəlcə məntiqli, rasional qərarlar vermək, sonra addım atmaq.
Deduksiya və induksiya
"Bütün insanlar ölümlüdürlər. Sokrat insandır. Deməli, Sokrat ölümlüdür". Bu mühakimə deduksiya adlanır. Əksini iddia etmək absurd olar.
"Gördüyüm bütün qu quşları ağdır. Deməli, bütün qu quşları ağdır". Bu mühakimə induksiya adlanır. Yanılma ehtimalı var, çünki mənim başqa rəngli qu quşunə rast gəlməməyim onların hamısının ağ olduğunu sübut etmir.
Bəzən deduksiya induksiyanın ayağına verilir. Buna inanmaq isə irrasionallığı, məntiqi yoxsulluğu göstərir.
Çin otağı
1980-ci ildə amerikan filosofu Con Siirl kompüterin, süni zəkanın işləmə prinsipini izah etməkdən ötrü belə bir düşüncə eksperimenti yayımlatdı: "Çin otağı".
Eksperimentdə deyilir ki, bir otağa salınmısınız, vaxtaşırı qapı aralığından üstündə mənasını anlamadığınız fiqurlar çəkilmiş kartlar atılır. Siz həmin fiqurları əvvəlcədən təyin edilmiş kitabla tutuşdurur, cavab olaraq uyğun gələn fiquru çəkib geri yollayırsınız. Təbii ki, yenə heç nə anlamadan.
Beləcə, məktublaşma davam edir. Əslində, siz bayaqdan çin dilində, heroqliflərlə yazışma aparırdınız. Əgər verilmiş proqramı uğurla yerinə yetirmisinizsə, yazışmanı oxuyanlar çincə bildiyinizi düşünəcəklər. Amma bu o demək deyil ki, gördüyünüz işin mahiyyətini dərk etmisiniz.
Hər gün səhərdən-axşama kompüter arxasında oturub təkrar-təkrar eyni işləri görən, qalan bütün vaxtını smartfonuna həsr edən müasir insanın həyatı da bəzən "Çin otağı"ndakı adamın gördüyü işə bənzəyir. Yalnızca tapşırıqları yerinə yetirmək, nə etdiyinin fərqində olmamaq, şüursuzcasına, məqsədsiz-məramsız həyatdan yan keçmək.
Sosial dilemma
Sosial şəbəkələrdən hamımız istifadə edirik. Hamımız zamanımızın və enerjimizin müəyyən hissəsini burada xərcləyirik. Zamanımızın və enerjimizin hara getdiyini bilməliyik. Bilgimizin artması üçün belə bir film çəkilib. Çəkilib ki, izləyək.
Unutmayaq, texnologiya insanın alətidir, insan texnologiyanın yox.