2022-ci ilin 24 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 26 iyun - Silahlı Qüvvələr Gününə həsr olunan “Azərbaycan Silahlı Qüvvələri dövlət müstəqilliyimizin qarantıdır” mövzusunda konfrans keçirilib.
Tehsil.biz xəbər verir ki, konfransda MDU-nun akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konfransı giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, əlamətdar tarixi gün münasibətilə tədbir iştirakçılarını təbrik edib.
44 günlük Vətən Müharibəsində tarixi Zəfərin qazanılmasından söhbət açan Ş.Bayramov qeyd edib ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman əsgər və zabitləri doğma yurdlarımızı düşmən işğalından azad edərək tarixi ədaləti və milli qürurumuzu bərpa etdilər. Ordumuz qısa müddətdə apardığı əks-hücum əməliyyatları nəticəsində otuz ilə yaxın işğal altında qalan əzəli torpaqlarımızdan düşməni qovaraq və döyüş meydanlarında onlara sarsıdıcı zərbələr vuraraq öz gücünü və yenilməzliyini bariz şəkildə dünyaya nümayiş etdirdi, nümunəvi döyüş strategiyası və taktikası ilə adını dünya hərb tarixinə şərəflə yazdırdı. Şanlı qələbənin əldə edilməsi ilə ölkəmizin parlaq gələcəyinin təmin olunduğunu vurğulayan rektor Vətən yolunda canlarını fəda edən şəhidlərə rəhmət, qazilərə isə şəfa diləyib.
Dövlət müstəqilliyimizin qarantı olan silahlı qüvvələrin gücləndirilməsi sahəsində işlərin post-müharibə dövründə də uğurla davam etdirildiyini qeyd edən Ş.Bayramov hazırda ölkəmizin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinin etibarlı şəkildə qorunduğunu diqqətə çatdırıb. Əsgər və zabitlərimizin qələbə əzminin və döyüş hazırlığının yüksək olmasında vətənpərvərlik tərbiyəsinin önəmindən bəhs edən rektor gələcəyin əsgərləri olacaq tələbə gənclərin yüksək vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində universitetdə görülən işlərdən və bu baxımdan konfransın əhəmiyyətindən danışıb. Konfransa Vətən Müharibəsində iştirak edən universitetin 4 əməkdaşının da qatıldığını diqqətə çatdıran Ş.Bayramov tarixi Zəfəri xalqımıza yaşadan qəhrəman oğullarımızla, o cümlədən MDU-nun şəhidlik zirvəsinə yüksələn 5 məzunu, ön cəbhədə döyüşən 120-dən çox tələbə, məzun və əməkdaşı ilə qürur duyduğunu bildirib.
Sonra, konfransın proqramına uyğun olaraq, 26 İyun - Silahlı Qüvvələr Gününə həsr edilmiş video-çarx nümayiş etdirilib və məruzələr dinlənilib.
MDU-nun “Humanitar fənlər” kafedrasının müəllimi Şəlalə Quliyevanın moderatorluğu ilə keçirilən konfransda universitetin akademik heyət üzvlərindən Aygün Qədirova “Azərbaycan hərb tarixinin Zəfərə aparan şanlı yolu”, Vətən Müharibəsi iştirakçısı, kafedra müdiri Mahir İsmayılov “Milli Ordumuzun qəhrəmanlıq salnaməsi: 44 günlük Vətən Müharibəsi” və Azərbaycan Qarabağ müharibəsi əlliləri, veteran və şəhid ailələri İctimai Birliyinin Mingəçevir şəhər filialının sədri Əliağa Bəndalıyev “Azərbaycan Silahlı Qüvvələrinin gələcəyi əmin əllərdədir” mövzusunda məruzələrlə çıxış ediblər.
Maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb.
Qeyd edək ki, MDU-da tarixi günlərə həsr edilmiş tədbirlərin keçirilməsinə xüsusi önəm verilir, tələbə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, onlar arasında müvafiq maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır.