Beynəlxalq və yerli ekspertlər ADAU-ya səfər ediblər - FOTOLAR
25.06.2022 12:59
388 baxış
24 iyun tarixində Qlobal Ekologiya Fondu, Kənd Təsərrüfatı Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının dəstəyi ilə həyata keçirilən “Qlobal əhəmiyyətli aqro-bioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi (AgroBio)” layihəsi çərçivəsində beynəlxalq və yerli ekspertlərin Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfəri təşkil olunub.
Tehsil.biz xəbər verir ki, Səfərin məqsədi layihə çərçivəsində ADAU-da yaradılan təlim mərkəzi, eləcə də universitetdə aqrobiomüxtəlifliklə bağlı həyata keçirilən işlərlə tanış olmaq, həmçinin layihə çərçivəsində hazırlanmış fənn proqramını universitet rəhbərliyinə təqdim edilib.
Aqrobiomüxtəliflilik üzrə beynəlxalq ekspert Francis Hurst, layihə rəhbəri Fərid Abbasov və digər ekspertlərə Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının sahələrində aparılan aktual elmi-tədqiqat işləri barədə məlumat verilib. Bildirilib ki, burda torpaqlardan səmərəli istifadə olunmaqla, aqrotexnoloji tədbirlər kompleksi zəminində kənd təsərrüfatı bitkilərindən yüksək ekoloji təmiz məhsulların alınması və torpağın aqrofiziki xüsusiyyətlərinin yaxşılaşdırılması istiqamətində işlər aparılır, həmçinin, kənd təsərrüfatı bitkilərinin yeni sortlarının alınması, onların yayılması üçün toxumçuluğun təşkilinin aqrobioloji və texniki aspektləri işlənilir.
Universitetin Biotexnologiya mərkəzi ilə də tanış olan ekspertlərə burda görülən işlər haqqında məlumat verilib. Gələcəkdə qarşılıqlı əməkdaşlıq barədə razılığa gəlinib.