Vətən Müharibəsində qazanılan şanlı Qələbə Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin də əyani təsdiqidir. Məhz bu səbəbdən artıq ikinci ildir ki, Azərbaycan xalqı 26 iyun – Silahlı Qüvvələr Gününü fərqli əhval-ruhiyyədə, qalib xalqın qalib ordusunun günü kimi qeyd edir.
Kaspi qəzetinin yazısını təqdim edirik:
XX əsrin əvvəlində Azərbaycan xalqı müsəlman Şərqində bir ilkə imza ataraq Demokratik Cümhuriyyət qurub. 1918-ci ilin 28 may tarixində elan edilən respublikanın atdığı ilk addım isə dövlətçiliyin mühüm atributu sayılan nizami ordunun yaradılması olub. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) “İstiqlal Bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır.
21 generaldan 15-i bolşeviklər tərəfindən güllələnib
Məhz bu səbəbdən hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürülüb, dövlət büdcəsinin 24 faizi hərbi məqsədlərə ayrılıb. İyunun 26-da AXC-nin 5000 nəfər şəxsi heyəti olan ilk nizami ordusu – Əlahiddə Azərbaycan Korpusu təşkil edilib, avqustun 1-də isə Hərb Nazirliyi təsis olunub. Qısa müddətdə Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Milli Ordu hissələrinin formalaşdırılması Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas edərək milli dövlətçiliyin qorunmasında, sərhədlərinin toxunulmazlığı və təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayıb. Xalq Cümhuriyyəti süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv edib və Azərbaycan Silahlı Qüvvələrinin rəhbərliyinə daxil olan 21 generaldan 15-i bolşeviklər tərəfindən güllələnib.
AXC Ordusunun şərəfli tarixinə verilən yüksək qiymət
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Müdafiə Nazirliyi yaransa da, bu qurumun təyinatı üzrə fəaliyyəti, xalqın mənafeyinə xidmət etməsi yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra mümkün olub. Bununla da Azərbaycan Silahlı Qüvvələrinin tarixində yeni mərhələ başlayıb, hələ 1971-ci ildə ulu öndərin tarixi xidməti nəticəsində yaranmış C.Naxçıvanski adına Hərbi Liseyin məzunu olan zabit kadrları peşəkar ordu quruculuğuna cəlb edilib, ordunun əsasını təşkil etməyə başlayıb, ali hərbi məktəblər yenidən formalaşdırılıb, yeniləri yaradılıb. Ümummilli lider Heydər Əliyev AXC Ordusunun şərəfli tarixinə yüksək qiymət verib və bu tarixdən bəhrələnməyin vacibliyinə toxunub, məhz onun 1998-ci il mayın 22-də imzaladığı sərəncamla iyunun 26-sı Azərbaycan Silahlı Qüvvələrinin Günü elan edilib.
Cənubi Qafqazın ən güclü Ordusu
Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoyub. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanılıb. Məhz Prezident İlham Əliyevin bu diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrilib. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer alıb. Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradılıb və bu gün ölkədə mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur.
Aprel zəfəri, Günnüt qələbəsi
Qürurlu tarixə malik olan Azərbaycan Ordusu bu gün özünün ən şanlı dövrünü yaşayır. 2008-ci ildən başlayaraq müxtəlif illərdə keçirilmiş hərbi paradlar, 2016-cı ilin aprel, 2018-ci ilin Naxçıvan - Günnüt qələbəsi, 2020-ci ilin 44 günlük Vətən Müharibəsi zəfəri Azərbaycan Ordusunun qüdrətini bütün dünyaya nümayiş etdirib. Xatırladaq ki, 2018-ci il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirilib. Həmin paradda 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad olunmuş torpaqlarda qaldırılmış Azərbaycan bayraqları nümayiş etdirilib. Paradda çıxış edən Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün mütləq bərpa olunacağını bildirərək deyib ki, gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək.
2 ildir fərqli qeyd edilən bayram
Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük uzaqgörənliklə söylədiyi fikirlər 2020-ci ilin Vətən Müharibəsində bir daha öz təsdiqini tapıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı dəmir yumruq kimi birləşərək bütün dünyaya sübut edib ki, onun iradəsini sarsıtmaq, işğalla barışmağa məcbur etmək mümkün deyil. Azərbaycan Ordusu Ermənistanın mütəmadi təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də “Dəmir yumruq” əməliyyatına başlayıb və noyabrın 10-dək davam etmiş 44 günlük Vətən Müharibəsi nəticəsində işğalçı ölkəni diz çökməyə, kapitulyasiyaya məcbur edib. Azad edilmiş torpaqlarda qaldırılmış Azərbaycan bayraqları 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən Müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında nümayiş etdirilib. Vətən Müharibəsində qazanılan şanlı Qələbə Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin də əyani təsdiqidir. Məhz bu səbəbdən artıq ikinci ildir ki, Azərbaycan xalqı 26 iyun – Silahlı Qüvvələr Gününü fərqli əhval-ruhiyyədə, qalib xalqın qalib ordusunun günü kimi qeyd edir.