Logo

ADAU "Albalı və gilas" festivalında iştirak edib - FOTO

26.06.2022 02:22 367 baxış
IMG

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Azərbaycan Giləmeyvə İstehsalçıları və İxracatçıları Assosiasiyası, “Azəri Home Chef” şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda ilk dəfə olaraq “Albalı və gilas” festivalı keçirilib.

Tehsil.biz xəbər verir ki, Xaçmaz şəhərindəki “Zəfər” parkında keçirilən festivalda Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, şimal rayonlarının icra hakimiyyətinin rəhbər şəxsləri, alimlər, fermerlər, aqrar sahədə fəaliyyət göstərən şirkətlərin əməkdaşları, eləcə də yerli və xarici qonaqlar iştirak edib. Festivalın keçirilməsində məqsəd fermerlərin yetişdirdiyi albalı və gilas növlərini nümayiş etdirmək, fermer və sahibkarlar arasında işgüzar əlaqələri genişləndirməkdir.

Festivalın açılış mərasimində çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev rayonda kənd təsərrüfatı sahəsinin inkişafı barədə tədbir iştirakçılarına məlumat verib. Bildirilib ki, Xaçmazda 50 min hektar suvarılan sahə, 25 min hektara yaxın bağ sahələri mövcuddur. Ölkə rəhbərliyinin qeyri-neft sektorunun inkişafı istiqamətində gördüyü işlər, eyni zamanda kənd təsərrüfatı sahəsinə diqqət və qayğısı nəticəsində rayonlarda bağçılıq ildən-ilə inkişaf edir. Xaçmaz rayonunda təkcə gilas bağlarının sahəsi 4 min hektardan çoxdur. Son bir il ərzində gilas bağlarının sahəsi 1200 hektar artıb. Bu da ölkəmizdə fermerlerə və sahibkarlara göstərilən diqqətin nəticəsidir. İntensiv bağlara görə fermerlərə subsidiyaların verilməsi təsərrüfatçıları yeni bağlar salmağa stimullaşdırır.

Tədbirdə çıxış edən kənd təsərrfatı nazirinin müavini Sarvan Cəfərov bildirib ki, son dövrlərdə ölkəmizdə müxtəlif meyvələrə həsr olunmuş festivalların keçirilməsi ənənə halını alıb. Bu cür kütləvi tədbirlər kənd təsərrüfatı məhsullarına, xüsusilə də mövsümi meyvələrə marağı artırmaq baxımından əhəmiyyət daşıyır: “Albalı-Gilas festivalı da belə tədbirlərdən biridir. Hər il mövsüm zamanı albalı və gilas süfrəmizi bəzəyən meyvələrdən olub. Bu məhsullar təkcə qida baxımından deyil, həm də iqtisadi baxımdan populyar meyvələr sayılır. Ölkəmizdə hələ tarixən çoxlu sayda gilas və albalı bağları olub. Az qala hər kəsin həyətində bu meyvə ağaclarına rast gəlmək olar. Azərbaycan üçün ənənəvi bazarlarda bu məhsullara tələbat ildən-ilə artır. Bu səbəbdən ölkəmizdə son illər gilas bağlarının salınmasına üstünlük verilir”.

Qeyd edək ki, Albalı-Gilas festivalının Xaçmaz rayonunda keçirilməsi təsadüfi deyil. Ölkə üzrə gilas bağlarının 35 faizi, istehsal olunan gilasın isə 42 faizi Xaçmaz rayonunun payına düşür. Ötən il Xaçmaz rayonunun gilas bağlarında orta məhsuldarlıq respublika göstəricisindən 21 faiz çox, yəni 97 sentner təşkil edib. Xaçmaz rayonu meyvə bağları, xüsusilə də gilas üzrə ixtisaslaşmış rayonlardan biri sayılır. Azərbaycanda yetişdirilən albalı və gilasa xarici bazarlarda maraq böyükdür. Məhz bu səbəbdən Xaçmaz rayonunun iqtisadiyyatında meyvə ixracatı xüsusi yer tutur. Xaçmazlı fermerlərin yetişdirdiyi gilas və albalı məhsulları xarici bazarlara ixrac edilir və fermerlərimiz meyvə ixracından yaxşı gəlir əldə edirlər.

Məhsul istehsalının artması, fermerlərimizin hər il daha çox gəlir əldə etməsi dövlətin aqrar sahədə əsas hədəflərindəndir. Bu səbəbdən müasir intensiv bağların salınması dövlət tərəfindən dəstəklənir, bu sahəyə subsidiyalar ayrılır. İntensiv gilas bağları salan fermerlərə, sahibkarlara ilk 4 il ərzində hər hektara görə 730 manat, sonrakı illərdə isə 250 manat subsidiya ödənilir. Eyni zamanda, bağlarda quraşdırılan müasir suvarma sistemlərinin dəyərinin 40 faizini dövlət ödəyir. Bu dəstək tədbirləri fermerləri müasir bağlar, o cümlədən gilas bağları salmağa həvəsləndirir. Nəticədə məhsul istehsalı artır, ixracat artır, gəlirlər çoxalır. Dövlət bu səbəbdən meyvə bağlarının salınmasına dəstək tədbirlərini gələcəkdə də davam etdirəcək.

Tədbirdə çıxış edən Azərbaycan Giləmeyvə İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Nemət Seyfullayev assosiasiyasının fəaliyyəti barədə məlumat verib, assosiasiyada ölkə üzrə 300-dən çox üzvün birləşdiyini diqqətə çatdırıb.

Açılış mərasimindən sonra festivalın qonaqları kənd təsərrüfatı şirkətlərinin təqdimalarını izləyib, milli kulinariya nümunələri və xarici ölkələrin mətbəxləri ilə tanış olublar. Festivalda mədəni-etnoqrafik tədbirlər, ağır atletlərin çıxışı, müxtəlif əyləncəli yarışlar və müsabiqələr təşkil edilib. Festival zamanı mütəxəssislər tərəfindən kənd təsərrüfatı məhsul istehsalçılarına məsləhət xidməti də göstərilib.

Festivalda Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Təcrübə və Krayera Mərkəzidə iştirak edib. Mərkəzin müdiri Gülnaz Əsgərova iştirakçılara ADAU haqqında məlumat verib.

Xəbər lenti