İyunun 25-də şair, esseist Ramil Əhmədin yeni kitabının təqdimat və imza günü keçirilib.
Təqdimat mərasimi Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi, şair Xəyal Rzanın aparıcılığı ilə baş tutub.
Tədbirdə ilk olaraq professor, filologiya elmləri doktoru Cavanşir Yusifli çıxış edib. O qeyd edib ki, Ramil Əhmədin şeirlərində səs-küy azdır, müəllifin pıçıltısı eşidilir. Professor əlavə edib ki, Ramil Əhməd ən adi detalları ustalıqla bədii tapıntıya çevirməyi bacarır.
Daha sonra söz kitabın redaktoru, şair Aqşin Yeniseyə verilib. Aqşin Yenisey "Abşeron yarımadamı"nın son dövrlərdə rastlaşdığı ən maraqlı poetik toplu olduğunu vurğulayıb. Onun sözlərinə görə, müəllif bu kitabla Azərbaycan poeziyasında yeni cığır açıb və oxucuları poeziyayla doğmalaşdırıb.
Daha sonra şair Fərid Hüseyn, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Xudanlı və digər tədbir iştirakçıları çıxış ediblər.
Eyni zamanda "Parlaq İmzalar" nəşriyyatının direktoru Nurman Tariq və "LIBRAFF" kitab mağazasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Sərxan Rüstəmov müəllifə müxtəlif hədiyələr təqdim ediblər.
Sonra Ramil Əhməd "Abşeron yarımadamı" kitabından bir neçə şeirini səsləndirib.
Tədbirin sonunda müəllif yeni kitabını oxucular üçün imzalayıb.
Qeyd edək ki, "Abşeron yarımadamı" adlı kitabda Ramil Əhmədin son illərdə qələmə aldığı şeirlər toplanıb.
"Parlaq İmzalar" nəşriyyatında işıq üzü görən kitabın redaktoru Aqşin Yeniseydir. Cilddəki rəsm Anar Hüseynzadəyə məxsusdur.