Logo

İntihara cəhd edən direktordan Dubayla bağlı iddialara cavab: “Onlar məni abırsız etdilər”

27.06.2022 18:57 2548 baxış
IMG

“Hadisələrin gedişatı şişirdilib. Mən uzun illərdir ki, pedaqoji fəaliyyətlə məşğulam. Hərə birindən nəsə məlumat alıb yazır. Amma nüfuz deyilən bir şey var. Məni bu hərəkəti etməyə vadar edən (intihara - red.) məni hörmətsiz etmələri ilə bağlı oldu. Mənim 62 yaşım var, tanıdığım heç bir adamın yanında gözükölgəli deyiləm”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Gəncə şəhəri 1 saylı tam orta məktəbin direktoru Mətanət Qarayeva deyib. 

O bildirib ki, onu intihara sövq edən barəsində yayılan və yazılan qeyri-dəqiq məlumatlardır:

“İnanın ki, yazılanların 80 faizi həqiqətə uyğun deyil. Amma orada insan həyatını məhv edən səbəblər var. Mən sizdən iki gün möhlət istəyirəm. Hüquq-mühafizə orqanları məsələni araşdırsın, mən sizə yekun barədə məlumat verəcəyəm. Mən vəzifə üçün yox, müəllimlik fəaliyyətim, nüfuzum üçün mübarizə aparırdım. İntihara cəhddən əvvəl mən aidiyyəti qurumlara məktub yazıb, müraciət etdim. Müraciətimdə də onlara məsələnin araşdırılmasını, yoxsa özümə qəsd edəcəyimi yazmışdım. Lakin qurumlar mənim müraciətimə laqeyd yanaşdılar. Mən də bu laqeydlikdən pis oldum, səbirsizlik edib belə bir addım adım. Mən çoxunun anası yaşındayam, ayıbdır, yazırlar Dubay səfəri, nə bilim nə. Mən heç bilmirəm, Dubayın yolu haradır, heç mənim pulum da yoxdur, yatsam da, yuxuma girməz Dubaya getmək. Bunu kimlər etdirirsə, hüquq-mühafizə orqanları həqiqəti aşkara çıxaracaq. Mən heç kimi təhqir etmirəm, heç kimdən də incimirəm. Mənim intriqa ilə işim yoxdur. Şərəf və ləyaqətimə, şəxsiyyətimə toxunduqları üçün intihara cəhd etmişəm”.

O bildirib ki, özünəqəsd etməyinə səbəb işdən çıxması üçün ona edilən təzyiqlərin dayandırılmaması olub:

“Mən adam öldürməmişəm, dövlət vəsaitini yeməmişəm ki, qorxub özümü öldürüm. Vəzifəmi təhvil verməyimə, işdən getməyimə dair mənə basqı edirdilər. Sadəcə olaraq ləyaqətimin alçaldılmasına, mənə qarşı olan yerli-yersiz basqılara dözə bilməyib canıma qəsd etməyə cəhd etdim. İntihar etdiyim gün buna hazır deyildim, ani bir iş idi, etdim. Mən ölümdən qorxmuram, abırsız insan deyiləm. Amma onlar məni abırsız etdilər. Tək istəyim məsələnin araşdırılması və pedaqoq kimi adıma yaxılan ləkənin təmizlənməsidir”.

Xəbər lenti