Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə yerləşən kəndlərin və qəsəbələrin yenidən qurulması layihələrinin hazırlanması məqsədilə Azərbaycan Memarlar İttifaqının elan etdiyi "Yurdumuza qayıdaq, yurdumuzu quraq!” yaradıcılıq müsabiqəsinin nəticələri müəyyən olunub.
Müsabiqəyə təqdim olunan 300-dən çox layihədən xüsusi komissiya tərəfindən 60 iş seçilərək Münsiflər heyətinin müzakirəsinə verilib. Münsiflər heyəti - Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin sədri, Əməkdar memar, professor Elbay Qasımzadə (sədr), Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin üzvü, Əməkdar memar, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının dosenti, memarlıq doktoru, Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin professoru Şəhla Qəhrəmanova və AMEA-nın Memarlıq və incəsənət İnstitutunun böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Şamilli seçilən işləri təhlil edib onların içindən 10 layihəni fərqləndirib.
Fərqlənən layihələr içində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) memarlıq fakültəsinin Şəhərsalma ixtisası üzrə təhsil alan tələbələrinin layihələri də yer alıb.
Fərqlənən layihələr arasından 4 layihə qalib olaraq müəyyən edilib:
1-ci yer – Ağayev Toğrul "Tərtər rayonunun Talış kəndinin bərpa layihəsi”nə görə - I dərəcəli diplom; 2-ci yer – Muradov Rüstəm
"Tərtər rayonunun Umudlu qəsəbəsinin şəhərsalma layihəsi”nə görə - II dərəcəli diplom; 3-cü yer – Əzizova Məryəm "Tərtər rayonunun Suqovuşan qəsəbəsinin bərpa layihəsi”nə görə - III dərəcəli diplom; 3-cü yer – Ağayeva Təhminə "Xocavənd rayonunun Tuğ kəndinin layihəsi”nə görə - III dərəcəli diplom. Bundan əlavə 6 layihə fərqlənmə diplomuna layiq görülub.
Bu barədə AzMİU-dan bildirilib.