AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, t.e.d., professor Abbas Seyidov Qəbələ rayonu ərazisində yerləşən Kilsədağ məbəd kompleksində aparılan arxeoloji qazıntı işləri ilə yerində tanış olub.
Tehsil.biz xəbər verir ki, professor Abbas Seyidov Albanşünaslıq elmi mərkəzinin Qafqaz Albaniyası memarlıq abidələri və mənəvi irsinin tədqiqi sektorunun rəhbəri, t.ü.f.d., dosent Natiq Alışovun rəhbərliyi ilə aparılan qazıntı işləri ilə bağlı lazımi məsləhətlər verib.
Qafqaz Albaniyası xristian abidələrinin tədqiqi ekspedisiyasının rəhbəri Natiq Alışov aparılan qazıntılar haqqında geniş məlumat verib və bildirib ki, eramızın ilk əsrlərinə aid olan dairəvi formalı məbəd kompleksi Qafqaz Albaniyası dövlətinin mövcud olduğu dövrlərə aid maddi-mədəniyyət qalıqları ilə zəngindir. Kompleks ərazisində yeni aşkara çıxarılan oval formalı ictimai binanın divar qalınlığı 1,40, uzunluğu 21, eni 12 metrdir.
Komplekslə tanışlıqda arxeoloq-alim, t.e.d., professor Qafar Cəbiyev də iştirak edib və ekspedisiya üzvləri ilə fikir mübadiləsi aparıb.
Qeyd edək ki, Kilsədağ məbəd kompleksində arxeoloji qazıntı və tədqiqat işləri davam edir.