Logo

Təhsil Nazirliyinin uşaq bağçalarında apardığı monitorinqlər başa çatıb

28.06.2022 14:46 455 baxış
IMG

“Təhsil Nazirliyinin məktəbəqədər təhsil səviyyəsi (uşaq bağçaları) üzrə apardığı monitorinqlər başa çatıb. Artıq 1 680 bağçada ilkin vəziyyətin necə olması barədə məlumatlar var”.

Tehsil.biz xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Mingəçevir şəhər 9 nömrəli tam orta məktəbdə STEAM mərkəzinin açılışı zamanı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda bir çox bölgələrdə auditlər həyata keçirilir: “Nəticəyə uyğun olaraq müvafiq intizam tənbeh tədbirlərinin görülməsi və ciddi məqamlarla bağlı da ictimaiyyətə məlumatlar veriləcək. Uşaq bağçaları ilə bağlı bir neçə istiqamət üzrə iş gedir. Bizim üçün bir neçə prioritet sahə var. İlk növbədə, bağçalara qəbulu vahid prinsiplər əsasında elektron sistem üzərindən həyata keçirmək istəyirik. İyulun ikinci ongünlüyündən başlayaraq prosesi tamamlayıb ümumrespublika üzrə vahid elektron bazanı bitirmiş olacağıq”.

Nazir bildirib ki, tərbiyəçilərin işə qəbulunun da vahid formatda aparılması nəzərdə tutulub: “İyul ayında prosesin müəllimlərin işə qəbulu (MİQ) formatında keçirilməsi mümkün olacaq. Eyni zamanda Mingəçevir və digər şəhərlərdə bağça müdirlərinin yeri vakant olaraq qalır. Direktorların işə qəbulu prosesində həmin vakant yerlərə qəbulun da şəffaf keçirilməsini planlaşdırırıq. Bağçalarda uşaqların qidalanması məsələsi də əsas hədəflərdəndir. Bu, kifayət qədər mürəkkəb məsələdir. Qidalanma rasionu ilə bağlı qaydalar köhnəlib və yenisinin tətbiqi zaman tələb edir. Bu istiqamətdə müəyyən pilot layihələr üzərində işlər aparılaraq ictimaiyyətə təqdim olunacaq”.

Xəbər lenti