Logo

Milli Şəhər Forumunun Ağdamda keçirilməsi Azərbaycanın ərazilərin bərpasına dair təcrübəsini bölüşməyə imkan verəcək

29.06.2022 10:30 96 baxış
IMG

Qısa müddət ərzində Azərbaycan və BMT-nin Məskunlaşma Proqramı (UN HABITAT) arasında uğurlu əməkdaşlıq qurulub. Ümumdünya Şəhər Forumunun (WUF) 11-ci sessiyasında keçirilən görüşlər və qurumun texniki heyəti ilə ikitərəfli görüş qarşıdakı aylar və uzunmüddətli perspektivdə əməkdaşlığı dərinləşdirməyə yeni imkanlar açır. Forum müasir tendensiya və trendləri öyrənmək, oxşar problemlərlə üzləşmiş ölkələrin təcrübəsi ilə yaxından tanış olmaq üçün geniş imkanlar açır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında qısa müddət ərzində Azərbaycanda işğaldan azad olunmuş ərazilərin bərpası, şəhərsalma planları və dağıdılmış infrastrukturun yenidən qurulması və bu işlərin həm həcmi, həm də keyfiyyətlə icrası unikal xarakter daşıyır və beynəlxalq tərəfdaşlar tərəfindən təsdiqlənir.

Tehsil.biz xəbər verir ki, bu fikirləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev sessiyanın gedişatı ilə bağlı fikirlərini bölüşərkən söyləyib. O bildirib ki, sessiyada nazirlər səviyyəsində keçirilən dəyirmi masada Azərbaycanın şəhərsalma və məskunlaşma sahələrindəki prioritetləri barədə məlumat verilib. Qeyd edilib ki, işğal dövründə şəhər və yaşayış məntəqələrinin tamamilə dağıdılması, infrastrukturun məhv edilməsi və ərazilərin minalanması bərpa işlərinin sürətlə aparılmasına mənfi təsir göstərir.

Anar Quliyev qeyd edib ki, bu il Ağdam şəhərində Milli Şəhər Forumunun keçirilməsinə dair ilkin razılıq əldə olunub, onun tarixi və gündəliyi müzakirə olunmalıdır. Eyni zamanda UN HABITAT-ın Azərbaycanda əsaslı şəkildə təmsil olunması da müzakirə mövzuları sırasında yer alır, o cümlədən beynəlxalq qurumla Azərbaycan arasında Milli Strategiya və Fəaliyyət Planı ətrafında da fikir mübadiləsi aparılır.

Komitə sədri vurğulayıb ki, Azərbaycanın postmünaqişə dövründə ərazilərin bərpasına dair təcrübəsini Ağdamda keçiriləcək forumda bölüşmək və digər ölkələrin bu təcrübədən faydalanmasına şərait yaratmaq mümkün olacaq.

Xəbər lenti