Logo

Braziliyanın “Choronas” musiqi qrupu Beynəlxalq Muğam Mərkəzində çıxış edib - FOTO

29.06.2022 14:11 384 baxış
IMG

Xəbər verildiyi kimi, bu yaxınlarda Beynəlxalq Muğam Mərkəzi (BMM) ilə Braziliya Federativ Respublikasının ölkəmizdəki səfirliyi arasında mədəni əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Tehsil.biz xəbər verir ki, memorandum çərçivəsində BMM-də Braziliyanın məşhur “Choronas” instrumental musiqi qrupunun konserti keçirildi.

Konsert proqramını izləyənlər sırasında incəsənət xadimləri, diplomatik korpusun nümayəndələri və Mədəniyyət Nazirliyinin şöbə müdiri Fərəh Acalova da var idi.

Konsertdən əvvəl Braziliyanın ölkəmizdəki səfiri Manuel Monteneqro “Choronas” qrupu haqqında tamaşaçılara məlumat verdi. Bildirdi ki, Braziliyanın çoxsaylı dostları ilə Beynəlxalq Muğam Mərkəzində olmaq bizim üçün əsl zövqdür: “Bu axşam qrupun unikal musiqiçilərini təqdim etməkdən qürur duyuram. Braziliyanın musiqisini bilən hər kəs bu gecədən həzz alacaq. Azərbaycanda muğam, Argentinada tanqo, ABŞ-da caz, Braziliyada isə şoro musiqisi milli kimliyin mərkəzində durur. Şoro janrının mənşəyi Braziliyanın ənənələrində özünü tapır. Bugünkü musiqi axşamı Braziliyanın müstəqilliyinin 20 illiyinə həsr olunur və qrupun Şərqi Avropada ilk çıxışıdır”.

Proqramda “Tiko tiko no fubu”, “Dono da bola”, “Delicado”, “Eu quero e sossego”, “Choro de domingo” və digər mahnılar ifa olundu. “Carinhoso” və “Edgar foi a feira” mahnıları azərbaycanlı tarzən İsmayıl Zülfüqarovun ifasında sintez olaraq təqdim edildi.

Ümumilikdə gecədə 18 instrumental musiqi səsləndirildi. Çıxışlar tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Qeyd edək ki, “Choronas” qrupu ilk dəfədir Bakıda çıxış edir.

1994-cü ildə San-Paulo musiqiçiləri tərəfindən yaradılan ansambl dünyanın bir çox səhnələrində konsert proqramı ilə çıxış edib. “Choronas”ın repertuarında Braziliya populyar musiqisinin klassik örnəkləri və müasir bəstəkarların əsərləri yer alır.

Xəbər lenti