Logo

"Alqoritmika - rəqəmsal bacarıqların inkişafı" layihəsinin məzunları təltif edilib - FOTOLAR

29.06.2022 14:31 335 baxış
IMG

İyunun 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Təhsil Nazirliyi və “Alqoritmika” şirkətinin birgə əməkdaşlığı çərçivəsində ADPU tələbələri üçün həyata keçirilən “Alqoritmika - rəqəmsal bacarıqların inkişafı" layihəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib. 

Tehsil.biz xəbər verir ki, tədbirdə təhsil naziri Emin Əmrullayev, ADPU-nun rektoru Cəfər Cəfərov, "Alqoritmika" şirkətinin nümayəndəsi Qəmər Məmmədova, universitetin professor-müəllim heyəti, layihəyə qatılan tələbələr  və digər qonaqlar iştirak ediblər. 

Salamlama nitqi ilə çıxış edən rektor Cəfər Cəfərov qeyd edib ki, 2021-2022-ci tədris ilində riyaziyyat-informatika müəllimliyi və informatika müəllimliyi ixtisasları üçün ilk dəfə məhz ADPU-da keçirilən təhsil layihəsi 160 tələbəni əhatə edib. Rektor bildirib ki, tələbələrin rəqəmsal bacarıqları daha dərindən mənimsəməsi üçün universitetdə ən son kompüterlərlə təchiz olunmuş 5 yeni laboratoriya qurulub. 

Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev layihə üzrə məzun olan tələbələri təbrik edərək, rəqəmsal bacarıqların müasir dünyadakı roluna diqqət çəkib. Nazir ADPU-nun ölkəmizin ixtisaslaşmış müəllim hazırlığı mərkəzi olduğunu və buna görə də məhz bu universitetdə bu cür yeni yanaşmaların tətbiqi, yeni nəsil müəllim kadrlarının hazırlanması istiqamətində həyata keçirilən tədbirlərin strateji önəmini vurğulayıb. 

"Alqoritmika" şirkətinin nümayəndəsi Qəmər Məmmədova da öz növbəsində layihə haqqında daha ətraflı məlumat verib,  Təhsil Nazirliyi ilə birgə tələbə və şagirdlərdə rəqəmsal bacarıqların təşviqi istiqamətində layihələri davamlı icra edəcəklərini bildirib. 

Tədbirdə qeyd edilib ki, cari ilin 15 fevral - 31 may tarixləri aralığında davam edən layihə fərdi təlim, nəzəriyyə və tətbiqi yanaşma, fənlərarası əlaqə və motivasiyanın artırılması prinsiplərinə əsaslanaraq təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir. Layihənin məzmununun universitetin tədris planına daxil edilməsi də nəzərdə tutulur. 

Layihənin gedişi haqqında qısa videoçarxın nümayişindən sonra təlimlərin yekun nəticələrinə görə ən yüksək nailiyyət göstərmiş üç tələbə təqdimatla çıxış edib. 

Sonda layihədən məzun olan tələbələrə sertifikatlar təqdim olunub.

Xəbər lenti