Logo

Emil Nəsirli Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü seçilib - FOTOLAR

29.06.2022 23:32 88 baxış
IMG

Elmi İnkişaf üzrə Beynəlxalq Şura – Beynəlxalq Elmlər Akademiyasının (BEA) Azərbaycan Bölməsinin Baş Assambleyasında BEA-nın yaradılmasının 20 illiyi münasibətilə yubiley yığıncağı baş tutub.

AZƏRTAC xəbər verir ki, iclasda BEA-nın prezidenti, professor Valter Kofler (Avstriya) geniş məruzə ilə çıxış edib.

Sonra Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin fəxri prezidenti, akademik Ziyad Səmədzadənin giriş nitqi dinlənilib. Həmçinin Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin prezidenti, professor Elçin Xəlilov qurumun hesabatını təqdim edib.

Daha sonra BEA-nın Azərbaycan Bölməsinin 20 illiyinə həsr olunmuş “Sərhədsiz elm. Elmi məruzələr” kitabının təqdimat mərasimi gerçəkləşib, BEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilər keçirilib.

“Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Moskva Dövlət Humanitar-İqtisad Universitetinin fəxri professoru Emil Nəsirli BEA-nın Rəyasət Heyəti üzvlərinin səs çoxluğu ilə Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü və BEA-nın Rəyasət Heyətinin üzvü seçilib. Emil Nəsirli həm də Beynəlxalq Elmlər Akademiyasının “Qızıl döş nişanı” ilə təltif olunub.

Yığıncaqda Emil Nəsirli Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsində təmsil olunan yerli və xarici ölkə alimləri tərəfindən onların fəaliyyət göstərdikləri elmi tədqiqat müəssisələrində və ali məktəblərində aparılan fundamental tədqiqatların səmərəliliyinin artırılması, onların nəticələrinin sosial-iqtisadi və digər sahələrdə tətbiqinin təmin edilməsi, Azərbaycanda elmi-texniki potensialın qorunması və inkişaf etdirilməsi, əhalinin sağlamlığının qorunmasında və ekoloji təhlükəsizliyin təmin edilməsində bu potensialdan səmərəli istifadə edilməsi, dövlətin informasiya ehtiyatlarının artırılması və innovasiya proseslərinin sürətləndirilməsi məsələləri ilə bağlı fikirlərini bölüşüb.

Emil Nəsirli BEA-nın Rəyasət Heyətinin üzvlərinə onu Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü seçdiklərinə görə minnətdarlığını bildirib

Yığıncaqda yeni üzvlərə diplom və “Qızıl döş nişanı” professor Valter Kofler tərəfindən təqdim olunub.

Yığıncaqda jurnalistika, alimlərin və elmin populyarlaşdırılması istiqamətində müstəsna xidmətlərinə görə Azərbaycan Respublikası Ensiklopediya Nəşriyyatının direktoru Fikrət Nağıyev Beynəlxalq Elmlər Akademiyasının “Qızıl döş nişanı” ilə təltif olunub.

Professor Valter Kofler elmin və innovativ texnologiyaların inkişafına töhfə verən təşkilatlara və bir sıra nüfuzlu alimlərə BEA-nın sertifikatlarını və mükafatları təqdim edib.

Sonda BEA-nın Azərbaycan Bölməsinin rəhbər orqanlarına seçkilər keçirilib. Professor Elçin Xəlilov yenidən BEA-nın Azərbaycan Bölməsinin prezidenti seçilib.

 

Xəbər lenti