Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin iştirakı ilə keçirilən muğam festivalına yekun vurulub.
Tehsil.biz xəbər verir ki, may-iyun aylarında gerçəkləşən festival “Şuşa İli”nə həsr olunub.
İyunun 29-da Beynəlxalq Muğam Mərkəzində festivalın yekun konserti və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva festival iştirakçılarına təbriklərini çatdırıb. Bildirib ki, muğam festivalının “Şuşa İli” çərçivəsində keçirilməsi təsadüfi deyil. Çünki Şuşa Azərbaycanın muğam ocaqlarından biridir. Qədim Qarabağ torpağı, Qarabağın tacı olan Şuşa Azərbaycanın musiqi beşiyi sayılır.
“Şərqin konservatoriyası” da adlandırılan bu torpaqda Azərbaycan musiqi sənətinin ən görkəmli nümayəndələri doğulub boya-başa çatıblar. Qarabağ eli neçə-neçə istedadlı bəstəkar, tarzən, kaman ustası, xanəndə yetişdirib: “Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Qarabağımız, Şuşamız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun şücaəti sayəsində işğaldan azad edilib. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada bu gün nəhəng quruculuq layihələri həyata keçirilir. Şuşadakı tarixi, dini və memarlıq abidələri bərpa olunur, Şuşaya dolğun mədəni həyat qayıdır. Şuşada Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə “Xarıbülbül” festivalının, Vaqif poeziya günlərinin keçirilməsi, şəhərdə müxtəlif mədəni layihələrin, beynəlxalq konfransların təşkili Azərbaycan mədəniyyətinin Qarabağa qayıdışının təsdiqi, milli ləyaqətimizin təntənəsidir”.
Muğam festivalı haqqında məlumat verən nazir müavini qeyd edib ki, 2 yaş qrupu (9-12 və 13-17 yaş) üzrə respublikanın şəhər və rayonlarından istedadlı şagirdlərin qatıldığı festivalın I mərhələsi regionlar üzrə keçirilib. Bu mərhələdə 1-ci yerlərin qalibləri Bakı şəhərində keçirilən final mərhələsində iştirak etmək hüququ qazanıblar. Festivalın final mərhələsində Xalq artisti Teyyub Aslanovun sədrliyi ilə Xalq artisti Gülyaz Məmmədova və Əməkdar artist Zakir Əliyevdən ibarət münsiflər heyəti tərəfindən iştirakçıların çıxışları qiymətləndirilib.
Sevda Məmmədəliyeva çıxışının sonunda bütün festival iştirakçılarını, qalibləri, onların müəllimlərini, valideynlərini, məktəblərin kollektivini təbrik edərək uğurlar arzulayıb.
Münsiflər heyətinin sədri Teyyub Aslanov festivalın təşkilinə görə Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib. Deyib ki, muğam sənətimizin inkişafı və təbliği məqsədilə təşkil edilən layihə səhnəmizə neçə-neçə yeni adlar bəxş etmiş oldu.
Sonra qaliblər elan olundu. Festivalın Qran-pri mükafatını Tuncay Oruczadə (Ağdam) qazandı. İsfəndiyar Dadaşov (H.Sarabski adına 7№-li Musiqi məktəbi – Bakı), Əli Ağazadə (Sabirabad) I, Mətin Cəfərov (Ağdam), Sadiq Zeynallı (Beyləqan), Aydın Həmzəyev (G.Şaroyev adına 35 nömrəli Musiqi məktəbi – Bakı), Aynur Ağamalıyeva (Salyan) II, Nihad Məmmədzadə (Xırdalan), Polad Salmanlı (Bərdə), Turan Salahov (Goranboy), Mənzurə Abdürəhmanova (Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbi – Bakı), Gülyaz Həsənzadə (M.Maqomayev adına 26 nömrəli Musiqi məktəbi – Bakı), Fatimə Hümmətova (Şəki) və Ləman Məmmədova (Ağcabədi) III dərəcəli mükafata layiq görüldülər.
Qaliblərə diplom və fəxri fərmanlar təqdim edildi. Şagirdləri festivala hazırlayan müəllimlərin və konsertmeysterlərə isə fəxri fərmanlar verilib.
Sonda festivalın qalibləri Beynəlxalq Muğam Mərkəzinin səhnəsində bir daha məharətlərini göstəriblər. İfaçıları Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının ansamblı (bədii rəhbər – Mirxalid Salayev) müşayiət edib. Konsert alqışlarla qarşılanıb.