Kulis.az “Uşaq sözü” layihəsindən 6 yaşlı Cahandarla müsahibəni təqdim edir.
– Salam, Cahandar, necəsən?
– Yaxşıyam.
– Neçə yaşın var?
– 6.
– Məktəbə gedirsən?
– Hələ yox. Hazırlaşıram.
– Nə edirsən ki?
– Heç nə. Gözləyirəm ki elə məktəb başlasın. Gizlənqaç oynayıram.
– Kiminlə?
– Qardaşımla.
– Qardaşın məktəbə gedir bəs?
– Hə, gedir. Amma dərslərini oxumur. Bütün gün mənimlə dalaşır.
– Nəyi bölüşə bilmirsiz?
– Televizora ancaq o baxır. Qoymur mən də baxım. Pultu götürürəm, deyir ki, “pultu görüm, pultu görüm, pultu görüm”.
– Televizorda nəyə baxır ki?
– Mənim xoşlamadığım şeylərə.
– Nəyi xoşlayırsan, cizgi filmlərini?
– Yox e, yox. Videolara baxıram ancaq. Enes Batura, Orkun Işıtmaka. Fatih Can Aytanın oyunlarına da baxıram.
– “Minecraft” da oynamısan onda.
– Hə, oynamışam. “Elmas”lar toplayırdım, yeri qazırdım, gedib şeylər alırdım. Amma “Minecraft” videolarına baxmıram.
– Cahandar, artıq yay başlayıb, hara gedəcəksən?
– Dənizə gedəcəm. Çox sevirəm dənizi. Amma üzə bilmirəm. Gedib hovuzda üzməyi öyrənəcəm.
– Hansı idmandan xoşun gəlir?
– Boksdan.
– Gedirsən boksa?
– Yox, gedəcəm. Dalaşacam uşaqlarla, ağızlarını-burunlarını qıracam. Təpikləyəcəm hamısını.
– Boksda təpik atmaq olmaz axı.
– Nolsun? Mən təpikləyəcəm. Dostlarım məni əsəbiləşdirir həyətdə. Deyirəm ki, oyun oynayaq, amma oynamırlar. Aldadıb gedirlər.
– Böyüyəndə nə olmaq istəyirsən?
– Yanğınsöndürən olacam. Türkiyədə meşə yanmışdı bir dəfə, onu söndürmək istəyirdim. Bir də məhəlləmizdə nəsə partlamışdı, onda yanğınsöndürənlik elədim.
– Nə etmişdin ki?
– Yadımdan çıxıb. Amma nəsə eləmişdim. Vətəni çox sevirəm axı.
– Vətən sənin üçün nədir?
– Vətən anamızdır. Ona görə əsgərliyə getməliyik. Məktəbi qurtaran kimi əsgərliyə gedəcəm.
– Bəs universitetə girməyəcəksən?
– Əşi, yaxşı. Universitetə girərəm birinci, dalınca da əsgərlik.
– Əsgərlikdə nə edirlər ki?
– Datatatata. PUBG-dəki kimidir. Planşetə PUBG yükləmirəm amma. Gec yüklənir. Orda paraşütlə tullanırsan yerə. Əsgərlikdə də elədir. Təyyarədən tullanıb düşürsən Şuşaya.
– Necə keçdi müsahibə?
– Gəl gedək cips alaq, sonra deyərəm.