Azərbaycan Texnologiya Universitetində “Mən öz gələcəyimi seçirəm” mövzusunda seminar təşkil olunub.
Tehsil.biz xəbər verir ki, tədbirin keçirilməsində məqsəd tələbələr və gənclər arasında narkomaniyaya qarşı maarifləndirmə işinin təşkili, antinarkotik dünyagörüşünün formalaşdırılması və sağlam həyat tərzinin təbliğidir.
Tədbiri tədris işləri üzrə prorektor vəzifəsini icra edən Yaşar Ömərov giriş sözü ilə açıb. O, mövzunun əhəmiyyətindən bəhs edərək iştirakçı tələbələrə burada əldə etdikləri məlumatları öz ətraflarında olan gənclərlə bölüşməyi, sağlam gələcək naminə tələbə və gənclər arasında narkomaniyaya qarşı çəkinmədən təbliğat aparmağı tövsiyə edib.
Daha sonra seminarda Gəncə Şəhər Narkoloji dispanserin baş həkimi Etibar Xəlilovun mühazirəsi dinlənilib. Mövzu narkomaniya və onun fəsadları, orqanizmə zərəri, tütünə qarşı mübarizənin vacibliyi, sağlam həyat tərzinin formalaşmasında informasiya qıtlığının aradan qaldırılması yolları və digər bəndləri əhatə edib.
Tədbirdə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğatın aparılmasına dair materiallar nümayiş etdirilib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.