Logo

Direktor olmaq istəyənlər üçün xüsusi müsahibə komissiyaları yaradılacaq

01.07.2022 11:25 478 baxış
IMG

“Şagird sayı 150-dək olan məktəblərə direktor qəbulu müsahibə formasında, 151-500 olan məktəblərdə isə birinci test, uğur qazananlara müsahibə ilə seçim prosesi təşkil olunacaq”.

"Tehsil.biz"in məlumatına görə, bunu Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov bildirib.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev isə deyib ki, şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul prosesi 4 mərhələdən ibarət olacaq:

“Onlardan biri də müsahibə mərhələsidir. Bunun üçün xüsusi müsahibə komissiyaları yaradılacaq. Komissiyanın tərkibinə Regional Təhsil İdarəsinin nümayəndəsi və başqa ekspertlər daxildir. Bütün müsahibələrdə şəffaflığın qorunması məqsədi ilə videoçəkiliş aparılacaq. Şagird sayı 500-ə qədər olan məktəblərə direktorların işə qəbulu Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək. Şagird sayı 151-500 olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul prosesi zamanı namizəd istədiyi sayda vakant yerə iddia edə bilər”.

Rüfət Hacıyev deyib ki, direktorların işə qəbulu prosesi zamanı test imtahanında ümumi sual sayı 45-dir:

"Suallar arasında məntiq və riyaziyyat, təhsil qanunvericiliyi ilə bağlı suallar cavablandırılmalıdır. Keçid balı 24 olaraq təyin olunacaq ki, bu da 50% nəticə deməkdir. Müsahibə mərhələsində isə müxtəlif meyarlar üzrə 5 balla qiymətləndirmələr aparılacaq. İmtahanlar bütün regionlarda eyni gün və saatda təşkil ediləcək. Test mərhələsinin müddəti 80 dəqiqədir. Müsahibələr isə müxtəlif vaxtlarda olacaq".

Xəbər lenti