Dövlət İmtahan Mərkəzi (DİM) bu il keçirilən imtahanlarla bağlı müəyyən statistik göstəriciləri və bəzi göstəricilərin ötən ildə keçirilən analoji imtahanlarla müqayisəsinə aid məlumatları təqdim edib.
Mərkəzdən "Tehsil.biz"ə bildirilib ki, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanları bu il də 2 dəfə - fevralın 20-də və mayın 29-da keçirilib.
Hər iki imtahanla bağlı ümumi statistik göstəriciləri və bəzi göstəricilərin ötən il keçirilən analoji imtahanlarla müqayisəsinə aid məlumatları təqdim edirik.
2022-ci ildə keçirilən imtahanlarda, ümumilikdə 20822 bakalavr iştirak edib. Ötən il müvafiq göstərici 22007 nəfər idi.
Bu il bakalavrların yarısının imtahanlarda topladığı bal 50-dən yüksək (median 50.84) olub. Ötən il bu göstərici 50 baldan aşağı (median 49.61) idi. Ümumiyyətlə, son illərdə imtahan iştirakçılarının nəticələrinin yaxşılaşdığını qeyd edə bilərik. 2014-2016-cı illərdə 50 baldan yuxarı nəticə göstərənlər imtahanda iştirak edənlərin təxminən 25-32%-ni təşkil ediblər.
Bu il 91 va daha yuxarı bal toplayanların sayı 74 nəfər, 81 və daha yuxarı bal toplayanların sayı 593 nəfər, 71 və daha yuxarı bal toplayanların sayı 2245 nəfər olub. Ötən il analoji göstəricilər 35, 392 və 1938 nəfər olub. Göründüyü kimi bu il yüksək bal toplayanların sayı daha çoxdur.
Xatırladaq ki, imtahan toplanılan bilən maksimum bal 100-ə bərabərdir. İmtahanda bakalavrlara məntiqi təfəkkür üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 25 test tapşırığı olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim olunub. Hər bir sual 1 balla qiymətləndirilib.