Logo

Peşə təhsili müəssisələrinə direktor və direktor müavinlərinin işə qəbulu davam edir

01.07.2022 12:01 446 baxış
IMG

2022-2023-cü il tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsili müəssisələrində direktor və direktor müavini kimi işləmək istəyən şəxslərin qeydiyyat prosesi davam edir.

Tehsil.biz xəbər verir ki, namizədlər 13 iyul tarixinədək https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçməlidirlər. 20 iyul tarixinədək ərizələri təsdiq edilən namizədlər 1 avqustda baş tutacaq qanunvericilik və məntiqə aid suallardan ibarət imtahanda iştirak edəcəklər.

Direktor və direktor müavinlərinin işə qəbulu müsabiqəsi elektron ərizə qeydiyyatı və vakant yerlərin seçilməsi, ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. 

Müsabiqənin nəticələrinə uyğun olaraq seçilən müraciətçilərin vakant yerlərə yerləşdirilməsi isə elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Peşə təhsili müəssisələrinə direktorların və direktor müavinlərinin işə qəbulu aşağıda qeyd edilən qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir:

- Direktor - Ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış, həmçinin ümumi orta təhsilli və müvafiq sahə üzrə 5 ildən az olmayan əmək stajına malik Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər;

- Direktor müavinləri – Ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış, həmçinin ümumi orta təhsilli və müvafiq sahə üzrə 3 ildən az olmayan əmək stajına malik Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər.

Namizədlər vakant yerlərin siyahısı və təlimat videosu ilə onlayn qaydada https://vet.edu.gov.az/az saytı vasitəsilə tanış ola bilərlər.

Qeyd edək ki, müsabiqə çərçivəsində respublika üzrə ümumilikdə 22 direktor və 28 direktor müavini vakansiyası elan olunub.

Xəbər lenti