Logo

Gələcək naminə səriştələrin formalaşdırılması

01.07.2022 13:19 139 baxış
IMG

V Qrant müsabiqəsi qaliblərinin uğur hekayələri

“Media savadlılığı dayanıqlı inkişafın əsas amili kimi”

Qax rayonu Tasmalı kənd tam orta məktəbin tarix müəllimi Ramilə Həsənovanın V Qrant müsabiqəsinə təqdim etdiyi “Media savadlılığı dayanıqlı inkişafın əsas amili kimi” layihəsi günümüzün ən aktual mövzusu olan uşaqlarda müasir dünya və gələcək naminə səriştələrin formalaşdırılmasına hədəflənib.

Ramilə Həsənova:  Qlobal informasiyalaşma şəraitində mühüm vəzifələrdən biri gənc nəsli müxtəlif kanallar, həmçinin KİV vasitəsilə daxil olan informasiyaların qavranılmasına hazırlamaqdır. Çünki yanlış məlumat, nifrət nitqi, ekstremizm və məxfilik məsələləri bu gün informasiya və rabitə sahəsində adi hala çevrilib. Məktəblər gənclərin bu məsələlərin öhdəsindən gəlməsi üçün onların media və informasiya savadlılığının artırılmasında mühüm rol oynayır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nda uşaqlarda “Media savadlılığı”nın inkişafı məsələləri əks olunub. Eyni zamanda Təhsil Nazirliyi artıq bir neçə ildir ki, bu sahədə konkret layihələrlə, təhsil sahəsində media və aşkarlıq problemlərinə dair silsilə tədbirlərin təşəbbüsçüsü kimi çıxış edir.

Media savadlılığı (Media Literacy) bir media məzmunu ilə qarşı-qarşıya qaldığımız zaman media mesajlarını daha yaxşı anlamaq üçün koqnitiv, affektiv, estetik və etik keyfiyyətlərdən istifadə etmə bacarığını inkişaf etdirmək prosesidir. ABŞ-da media təhsili 1932-ci ildən tədris edilir. On minlərlə müəllim media savadlılığı təlim-proqramında iştirak edib. Media savadlılığı dərsi ABŞ-da məcburi dərslər siyahısındadır.

Ölkəmizdə azad mətbuat, internet və informasiya orqanları fəaliyyət göstərir, əhalinin böyük bir hissəsi internetdən istifadə edir. Buna görə də media təhsili rəqəmsal texnologiyaların artan təsirlərini nəzərə alır.

Lakin qeyri-obyektiv, etibarlı istinad mənbəyi olmayan informasiyalar cəmiyyət həyatının istənilən sahəsində çaşqınlıq yaradır. Buna görə də keyfiyyətli media təhsili strateji müdafiə əhəmiyyəti kəsb edir. Bu kimi halların geniş miqyas almaması üçün media savadlılığı mövzusunun vacibliyini bir daha nəzərdən keçirmək hər bir müəllimin borcudur. Və bu gün şagirdlər arasında psixoloji problemlərin baş verməsi də hər bir təhsil iştirakçısı üçün həyəcan siqnalı olmalıdır. Linqvistik bacarıqları ilə təhsilalanların dünya media məkanına çıxmaq imkanları mövcuddur. Vizual, səsli və yazılı media qarşısında müdafiəsiz mövqeyində olan uşaqların məktəbdən başlayaraq məlumatlandırılması artıq zərurətə çevrilib. Bu səriştənin şagirdlərdə formalaşdırılması müəllim və valideynlərlə birlikdə əməkdaşlıq şəraitində aparılmalıdır. Bu sahədə inkişafı təmin etmək üçün sistemli işin qurulması vacibdir.

Hesab edirəm ki, bu layihənin icrası şagirdlərin media savadlılığının artırılması işinə əhəmiyyətli dərəcədə töhfə verəcək.

“Balakən məktəblilərinin BAL -Məkan düşərgəsi”

V Qrant müsabiqəsində qalib gəlmiş layihələrdən biri də “Balakən məktəblilərinin BAL - Məkan düşərgəsi”dir. Layihənin rəhbəri Balakən rayonu, Nəsimi adına şəhər 2 nömrəli tam orta məktəbin direktoru Samirə Varansova qeyd edir ki, layihənin məqsədi şagirdlərin psixoloji durumunu yaxşılaşdırmaq, asudə vaxtlarını səmərəli keçirmək, onları düzgün peşə seçimlərinə yönləndirmək, təhsilə olan marağını artırmaqdır.

Samirə Varansova: -  Layihə çərçivəsində cari tədris ilinin yaz tətili günlərində 5 gün ərzində keçirilmiş düşərgədə 30 nəfər şagird iştirak edib. Düşərgə zamanı şagirdlərlə təlimlər, seanslar və müxtəlif əyləncəli oyunlar keçirilib. Debat, ekologiya, intellektual yarış, karyera planlaması, natiqlik, rəqs, zərərli vərdişlərin qarşısının alınması, bədən dili, SWOT, aqronomluq təlimləri təşkil olunub və onlara adıçəkilən mövzularda məlumatlar verilib. Bu layihədə biz məktəblilər arasında əlaqələrin gücləndirilməsi, şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi və öyrənmə ənənəsini formalaşdırdıq. Bundan əlavə, əldə olan resursların düzgün istifadə qaydasının formalaşdırılmasını şagirdlərə çatdırdıq. Layihədə iştirak etmiş şagirdlər daha sonra digər həmyaşıdları ilə bu sahədə biliklərinin artırılmasına dəstək verdilər. Layihəmizin nəticəsinə əsasən onu da qeyd edə bilərik ki, bu təlimlərdən sonra məktəblər arasında əlaqələr möhkəmlənərək gələcəkdə bir-biri ilə ünsiyyət  quraraq şəxsi inkişafa dəstək olacaq.

“İngilis dilini layihə əsaslı təlimlə öyrədək”

Təhsildə inkişaf və innovasiyalar üzrə əvvəlki illərdə keçirilmiş III, IV  Qrant müsabiqələrinin qalibi olmuş Bərdə şəhər E.Kərimov adına 4 nömrəli tam orta məktəbin müəllimi Tofiqə  Məmmədova növbəti dəfə V qrant müsabiqəsində   “İngilis dilini layihə əsaslı təlimlə öyrədək” layihəsi ilə uğurunu təkrarlayıb. T.Məmmədova layihəsi barədə danışır:

- Layihənin məqsədi yerli və məcburi köçkün məktəblərində çalışan 30 ingilis dili müəlliminə layihə əsaslı təlimin tədrisi yollarını öyrətməkdir. İngilis dilinin tədrisinin əsas problemlərindən biri şagirdlərdə layihə əsaslı öyrənmə bacarıqlarının zəif olmasıdır. Layihə əsaslı təlimin əsas üstünlükləri ondan ibarətdir ki, ənənəvi öyrənmə heç vaxt akademik sahədən kənara çıxmır. Layihə əsaslı təlim şagirdləri real dünyaya bağlayır. Layihə çərçivəsində ingilis dili müəllimləri 10 təlim sessiyasında iştirak ediblər. Müəllimlər öyrəndikləri yeni strategiyaları öz dərslərində tətbiq ediblər. Layihə ingilis dili müəllimləri arasında böyük uğur qazanıb.

Oruc MUSTAFAYEV

Xəbər lenti