Logo

Mədəniyyət Nazirliyi və BDU-nun “Mədəni gənclik” layihəsinin ilk mərhələsi yekunlaşıb

01.07.2022 17:29 387 baxış
IMG

Mədəniyyət Nazirliyi və Bakı Dövlət Universitetinin (BDU) birgə layihəsi olan “Mədəni  gənclik” layihəsinin ilk mərhələsi yekunlaşıb.

Tehsil.biz xəbər verir ki, layihənin yekun tədbirində çıxış edən mədəniyyət nazirinin I müavini Elnur Əliyev qeyd edib ki, gənc nəsil arasında mədəniyyətin və incəsənətin təşviqinə yönəlmiş layihə Azərbaycan mədəniyyətinin sabahına sahib çıxacaq “mədəni gənc”lərin formalaşdırılmasını hədəfləyir. “Mədəni gənclik” layihəsi gəncləri Azərbaycan mədəniyyəti ilə tanış etməklə yanaşı, onların maraq sahələrinin, düşüncə qabiliyyətlərinin artırılmasına xidmət edir: “Əsas məqsədimiz beynəlxalq əmək bazarında rəqabətədavamlı azərbaycanlı mütəxəssislər yetişdirməkdən ibarətdir. Hər bir xalq ilk növbədə mədəniyyəti ilə tanınır. Gənclik insanın özünü inkişaf etdirməsi baxımından ən uyğun yaş dövrüdür. Layihə gənclərlə mədəniyyətimiz arasında təmas yaratmaqla, onları daha da inkişaf etdirəcək”.

Nazir müavini layihəyə dəstək verdiyinə görə BDU rəhbərliyinə təşəkkür edib. Bildirib ki, layihə çərçivəsində tələbələr 5 teatrda nümayiş olunan tamaşalara baxıblar. Yeni dərs ilindən davam edəcək layihə yalnız teatrları əhatə etməyəcək, tələbələr Azərbaycan mədəniyyətinin müxtəlif sahələri, ən önəmli simalarının yaradıcılığı ilə yaxından tanış olacaqlar. O, gəncləri layihədə aktiv iştiraka və mədəniyyətimizin daşıyıcıları olmağa dəvət edib.

BDU-nun rektoru Elçin Babayev çıxışında layihənin önəmini vurğulayıb. Qeyd edib ki, tələbələrin yüksək təhsil alması ilə bərabər, daxili dünyalarının zənginliyi, layiqli vətəndaş, yaxşı insan kimi formalaşmaları əsas prioritetlərdəndir. O, Mədəniyyət Nazirliyinə, BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə  və tələbələrə təşəkkür edib, layihənin davamlı olmasını arzulayıb.

Tədbirin sonunda tələbələr layihə ilə bağlı sual və təkliflərini səsləndiriblər. BDU tələbələri tərəfindən universitetlərarası teatr festivalının, ən yaxşı ssenari yarışmasının keçirilməsinə dair maraqlı təkliflər səslənib.

Qeyd edək ki, iki ay davam edən layihə çərçivəsində tələbələr  5 mədəniyyət ocağında – Azərbaycan Dövlət Akademik Milli Dram, Azərbaycan Dövlət Akademik Opera və Balet, Azərbaycan Dövlət Akademik Musiqili, Azərbaycan Dövlət Akademik Rus Dram teatrlarında və Azərbaycan Dövlət Akademik Filarmoniyasında tamaşa və konsertlərə güzəştli şərtlərlə baxmaq imkanı əldə ediblər.

Xəbər lenti