İyulun 1-də Azərbaycan Respublikası mədəniyyət naziri Anar Kərimov Macarıstanın ölkəmizdəki səfiri Viktor Szederkenyini fəaliyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib.
Tehsil.biz xəbər verir ki, görüşdə iki ölkə arasında mədəni əməkdaşlıq, gələcəkdə əlaqələrin inkişafına töhfə verə biləcək, xalqlarımızın mədəni irsinin təbliğində rol oynayacaq layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Anar Kərimov səfirə fəaliyyət müddəti ərzində Nazirlik tərəfindən həyata keçirilən bütün təşəbbüslərdə göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Mədəniyyət sahəsində əməkdaşlığın davamlı inkişafına inamını ifadə edib.
A.Kərimov ölkəmiz tərəfindən irəli sürülən "Mədəniyyət naminə sülh" (Peace4Culture) qlobal kampaniyasından söz açıb. Bildirib ki, bu kampaniya mədəni irsin qorunması, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulması, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı, mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsi məqsədi daşıyır.
Qəbula görə təşəkkürünü bildirən səfir Viktor Szederkenyi də öz növbəsində Macarıstanla Azərbaycan arasında mədəni əlaqələrin çox yaxşı səviyyədə olduğunu qeyd edib və ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə çatdırılmasının əhəmiyyətindən, mədəniyyət sahəsində əməkdaşlığın önəmindən söz açıb.