Mədəniyyət Nazirliyi və Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Araz" supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə 29 iyun 2022-ci il tarixində "Şuşa İli" çərçivəsində Şuşa Dövlət Musiqili Dram Teatrı M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran" tamaşası ilə ilk dəfə Şuşada çıxış edib.
Tehsil.biz xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstək olduğu tədbirdə ictimaiyyət nümayəndələri, görkəmli teatr xadimləri və media təmsilçiləri iştirak edib.
Şuşa Dövlət Musiqili Dram Teatrı 1943-cü ildə təsis edilib və ona dahi Üzeyir Hacıbəylinin adı verilib, lakin bir neçə ildən sonra teatr bağlanıb. Azərbaycan müstəqillik qazandıqdan sonra Mədəniyyət Nazirliyi tərəfindən Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyəti bərpa edilib. Qarabağın işğalı səbəbilə Şuşada fəaliyyət göstərə bilməyən teatr uzun müddət Bakıda məskunlaşmalı olub.
Xatırladaq ki, bərpa olunmasının ardından bu il fəaliyyətinin 30 illik yubileyini qeyd edən teatr indiyədək heç vaxt Şuşada tamaşa göstərməyib. İlk tamaşasını (Ü.Hacıbəylinin “Arşın mal alan”) məcburi köçkünlük dövründə Bakıda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında oynayıb.