Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Regional Mədəniyyət İdrarəsinin dəstəyi və "Cavad xan" Tarix-Mədəniyyət Fondunun təşəbbüsü ilə Gəncə Dövlət Filarmoniyasında müasir Azərbaycan yazıçısı, dramaturq, publisist, ictimai xadim, Əməkdar jurnalist, Gəncənin ziyalı xanımı Nüşabə Əsəd Məmmədlinin yaradıcılıq gecəsi keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncdəki Baş konsulu Zeki Öztürk, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar və şəhər ictimaiyyəti iştirak ediblər.
Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Niyazi Bayramov tədbir iştirakçılarını salamlayaraq Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkədə, eləcə də Gəncədə mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Şəhər rəhbəri, Nüşabə Məmmədlinin Azərbaycan mədəniyyətinə bəxş etdiyi töhfələrdən danışıb və yazıçını səmimi-qəlbdən təbrik edərək yaradıcılığında uğurlar arzulayıb.
Vasif Cənnətov çıxışında Nüşabə Məmmədlinin yaradıcılıq fəaliyyətindən bəhs edib. Nüşabə Məmmədlinin əsərlərinin müxtəlif dillərdə tərcümə olunduğunu söyləyən Vasif Cənnətov, ona gələcək işlərində müvəffəqiyyətlər diləyib.
Tədbirdə çıxış edən Zeki Öztürk və digər qonaqlar Nüşabə Məmmədlinin həyat və yaradıcılığından danışıblar.
Çıxışlardan sonra Niyazi Bayramov Gəncə şəhərinin ictimai-mədəni həyatında səmərəli fəaliyyətinə görə Nüşabə Məmmədlini "Təşəkkürnamə" ilə təltif edib. Bununla yanaşı, "Cavad xan" Tarix-Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov yazıçıya "Cavad Xan" ordenini təqdim edib.
Gecədə Gəncə Dövlət Filarmoniyasının solistləri Şirxan Cahangirov, Azər Verdiyev, Xəyal Əliyevin ifasında bir-birindən maraqlı mahnılar səslənib.
Sonda Nüşabə Məmmədli yaradıcılıq gecəsinin təşkilində əməyi keçən hər kəsə öz dərin təşəkkürünü bildirib.
Qeyd edək ki, Məmmədova Nüşabə Əsəd qızı 8 dekabr 1946-cı ildə Gəncədə anadan olub. O,1972-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Elə həmin ildən "Novosti Gyandji" qəzetində fəaliyyətə başlayıb. 1991-1995-ci illərdə həmin qəzetin redaktoru olub. Gəncə Jurnalist Assosiasiyasının sədri, Ümumdünya Qadın Jurnalistiəri təşkilatının üzvüdür.