Logo

Azərbaycana 3 qızıl medal gətirən fitri istedad - MÜSAHİBƏ

18.01.2021 12:57 697 baxış
IMG

Stanford Universitetinin doktorantı Cəfər Cəfərovla müsahibəni təqdim edirik:

 

“Bu işlə xüsusi müəllimlər məşğul olmalıdır”
 “Orta məktəb müəllimindən olimpiadaya hazırlıq dərsi keçməsini istəmək doğru deyil”.

 

Elmin zirvələrinə aparan yol çətin, məsuliyyətlidir. Ən böyük uğurlar gərgin əməyin, zəhmətin məhsuludur. Yalnız bu yolu öz həyatının amalı hesab edən insanlar sonda öz hədəfinə çatmış olurlar. Bu gənclərdən biri də yüksək intellektli, heyrətamiz riyazi təfəkkür sahibi, dünyanın top universitetlərinin beynəlxalq sıralamasında daim ön cərgələrdə yerləşən ABŞ-ın Stanford Universitetinin PHD məzunu, Beynəlxalq Riyaziyyat Olimpiadasının qızıl mükafatçısı, Amerika vaxtı ilə gecə saat 4:06-da Bakıya canlı bağlanaraq azərbaycanlı şagirdlərə “Skype” vasitəsilə beynəlxalq olimpiadalara hazırlıq dərsi keçən, bununla da əsl vətənpərvərlik nümunəsi sərgiləyərək təhsil ictimaiyyətimizin dərin etimadını qazanmış Cəfər Cəfərovdur. Azərbaycana iştirak etdiyi beynəlxalq olimpiadalardan 3 qızıl medal gətirmiş istedadlı gənclə söhbətə başlamazdan əvvəl onunla daha yaxından tanış olaq.

 
- Bilirsiniz ki,  bütün dünyada gənc istedadların yetişdirilməsi məsələsinə xüsusi diqqət var. Bunun səbəbini nə ilə izah edərdiniz?

 
- Artıq bütün dünya elmin və onun gətirdiyi yeniliklərin öz ölkələri və gələcək nəsilləri üçün necə önəmli olduğunu daha yaxşı anlayır. Buna görə də gənc istedadların yetişdirilməsinə hər yerdə xüsusi diqqət yetirilir. Dövlətlərin gələcəkləri bu istedadlı nəsillərdən və onların dünyaya verəcəyi töhfələrdən asılıdır.

 
- Ayrı-ayrı ölkələrdə nüfuzlu universitet məzunları orta məktəb şagirdlərinin elmə cəlb edilməsi proqramlarına cəlb olunur. Səhv etmirəmsə, 37 ölkədə bu cür proqramlar var. ABŞ-da universitetlərin orta məktəblərlə buna bənzər əməkdaşlıq proqramları və ya layihələri varmı?

 

- Amerikada universitet və başqa müstəqil təşkilatlar bu sahələrdə çox iş görürlər. Məsələn, orta məktəbi qurtarmağa yaxın olan məktəblilər universitetdə keçilən dərslərdə iştirak edə və yay tətili dövründə universitet laboratoriyalarında işləyə bilirlər. Bundan əlavə, kiçik yaş qrupları üçün də elmə və incəsənətə maraq yaratmaq məqsədilə müxtəlif proqramlar təşkil olunur. Məsələn, mənim məzunu olduğum Stanford Universiteti də daxil olmaqla bir neçə universitetdə “Math Circles” adlanan proqram var. Bu proqramda hər həftə orta məktəb şagirdlərinə pulsuz olaraq universitetin müəllimlərindən və ya orada oxuyan doktorantura tələbələrindən biri hər hansısa bir riyazi mövzunu əyləncəli şəkildə başa salmağa çalışır. Bu və bunun kimi təşkilatlar gəncləri müxtəlif elm sahələrinə yönləndirməyə çalışırlar.

 

“Riyaziyyat olimpiadalarına ən gec VII sinifdən başlamaq lazımdır”

 

- Ali məktəblər nəzdində xüsusi istedadlar siniflərinin yaradılması ideyasının olimpiadaçıların hazırlanmasında rolu barədə nə deyə bilərsiniz?

 

- Ali məktəblərin istedadlı gənclərin yetişməsində belə yaxından iştirak etməsi təqdirəlayiqdir. Düşünürəm ki, gələcəyin elm adamlarının belə elm mərkəzlərində yetişməyindən daha yaxşı heç nə ola bilməz. 

 
- Sizcə, olimpiadaçıların hazırlanması işinə nə vaxtdan, hansı siniflərdən  başlamaq lazımdır?
 

- Məncə, riyaziyyat olimpiadalarına ciddi şəkildə hazırlaşmağa ən gec yeddinci sinifdən başlamaq lazımdır. Səkkizinci sinfə başlayan bir şagird bütün orta məktəb materiallarını bitirmiş olmalıdır ki, ilin sonunda keçirilən Junior Balkan kimi daha ciddi olimpiadalara hazırlaşmağa vaxtı qalsın. Amma yaxşı olardı ki, olimpiada ruhu və həyəcanı uşaqlara daha da gənc yaşlardan aşılansın. Amerikada bunu Mathcounts, Mathleagues ve Math Circles kimi müxtəlif universitet və qeyri-hökumət təşkilatları edirlər. Bir neçə ildir Azərbaycanda da aşağı yaş qruplarının da iştirak etdiyi dünyaca məşhur Kenquru olimpiadası keçirilir. Ölkəmizdə bu və buna bənzər  bilik yarışlarının, müsabiqələrin keçirilməsi olimpiadalara marağı təbii olaraq artırır. Bu da öz növbəsində gələcəkdə daha güclü şagirdlərin yetişməsinə kömək edir.

 

-  Beynəlxalq olimpiadaçılarla hansı müəllimlər məşğul olmalıdır?
 

-  Olimpiada dərsləri üçün xüsusi müəllimlər heyəti olmalıdır. Bundan ötrü  olimpiada proqramını  yaxşı  bilən, onları uşaqlara rahat başa  sala bilən, olimpiada hərəkatındakı yeniliklərlə ayaqlaşa bilən müəllimlərə ehtiyac var. Çünki olimpiadaya hazırlıq qrupunda şagirdlər, adətən, dərs proqramında olmayan, ali məktəb səviyyəsində tapşırıqlar üzərində işləyir, çox çətin misal və məsələlərin həlli yollarını tapmağa çalışırlar.
Bu işlə xüsusi müəllimlər məşğul olmalıdır.  Normal bir orta məktəb müəllimindən olimpiadaya hazırlıq dərsi keçməsini istəmək doğru deyil. Olimpiada proqramı məktəb proqramlarından tamamilə fərqlidir. Orta məktəb müəllimlərindən sadəcə  sagirdləri olimpiadalara həvəsləndirməyi xahiş edə bilərik.

 
- Beynəlxalq olimpiadalar üçün seçim hansı şərtlər əsasında aparılmalıdır? Şagirdlərin daha çox nəzəri və ya praktik bacarıqlarına diqqət yönəldilməlidir?

 

-  Olimpiadalara seçimlər şəffaf, proqramlı və mümkün qədər çox şagirdin iştirak edə biləcəyi şəkildə aparılmalıdır. Ən yaxşı şagirdlərin seçilib yetişdirilməsi çox çətin və uzun illər tələb edən bir işdir. Bu sahədə Azərbaycanda son illərdə çox irəliləyiş olduğunu düşünürəm. Məsələn, mən orta məktəbdə oxuyarkən olimpiadalara dünya standartlarında hazırlıq aparan sadəcə bir neçə özəl məktəb var idi. İndi isə Təhsil Nazirliyi müxtəlif orta məktəblərdən seçilmiş şagirdləri xüsusi hazırlıqdan keçirdərək olimpiadalara hazırlaşdırır. Seçimlərin daha çox şagird arasından aparılması rəqabətin və keyfiyyətin də artmasına şərait yaradır. Bunu indi dərs dediyim olimpiada sinfində də açıq şəkildə görmək mümkündür. Hazırlıqlar zamanı şagirdin həm nəzəri, həm praktiki və həm də psixoloji bacarıqlarına diqqət yetirilməlidir. Şagirdlər olimpiadada dərin nəzəri bilik tələb edən sualları qısa vaxt ərzində həll etməyi bilməli, çətin suallarla qarşılaşdığı zaman həvəsdən düşməməli və ruh yüksəkliyini daim uca tutmalıdır.

 

- Siz artıq bir neçə ildir ki, riyaziyyat üzrə Azərbaycan komandasına olimpiada hazırlıqlarında dəstək verirsiniz. Şagirdlərimizin güclü və zəif cəhətlərini  görə bilirsinizmi?

 

- On ildən çoxdur Azərbaycan, Türkiyə və Amerikada orta məktəb şagirdlərinə könüllü olaraq olimpiada dərsi deyirəm. Azərbaycan komandası ilə də bu il yenidən bərabər işləməyə başlamışıq. Şagirdlərimizin ümumi səviyyəsi əvvəlki illərlə müqayisədə çox yüksəkdir. Nəzəri bilikləri, olimpiada təcrübələri və çalışma istəklərindən olduqca razıyam. Düşünürəm ki, psixoloji hazırlığa daha çox diqqət yetirmək və imtahanda inamlı işləməyin yolları üzərində daha çox çalışmaq lazımdır.

 

“Valideynlərin olimpiada prosesindəki rolunu xüsusi qeyd etmək istərdim”

 
- Siz olimpiada qızılı sahibisiniz. Sizcə, istedadlı şagirdləri Beynəlxalq Olimpə aparan müəllimlər necə seçilməli, onlar hansı keyfiyyətlərə malik olmalıdırlar?

 

- Yaxşı olardı ki, olimpiada müəllimləri daha əvvəllər özləri də olimpiadalarda iştirak etmiş müəllimlərimiz arasından seçilsin. Məncə, bu müəllimlər həm hazırlıq prosesinin necə aparılmalı olduğunu daha yaxşı bilirlər, həm də öz təcrübələrinə əsaslanaraq şagirdlərin olimpiadalarda nə hiss etdiklərini daha yaxşı anlayırlar. Amerika komandasının da həm indiki rəhbəri, həm rəhbər köməkçiləri, həm də olimpiada düşərgələrində dərs deyən, demək olar ki, bütün müəllimlər əvvəlki illərdə olimpiadalarda iştirak etmiş universitet müəllim və tələbələridir.

 
- Beynəlxalq olimpiadada uğur kimdən daha çox asılıdır: hazırlıqlı şagirddən, yoxsa hazırlıqlı müəllimdən?

 

 - Məncə, olimpiadada uğur qazanmaq şagird və müəllimin hər ikisindən də asılıdır. Şagirdlər olimpiada həvəsini daim yüksək tutmalı və ciddi şəkildə çalışmalı, müəllimlər isə onları ən yaxşı şəkildə olimpiadalara hazırlaşdırmalıdır. Mən bir də valideynlərin olimpiada prosesindəki rolunu xüsusi qeyd etmək istərdim. İdman olimpiadalarında medal qazanmış atletlerin valideynlərinin onların müvəffəqiyyətindəki yeri xüsusi ilə vurğulanır. Bu, fənn olimpiadalarında da belədir. Məncə, valideynlər şagirdə daim arxa duran, onu həvəsləndirən və psixoloji hazırlığına kömək edən ən önəmli amildir və olimpiadada uğurun üçdə biri də onlardan asılıdır.

 

“Özümü başqalarına baxaraq motivasiya edirəm”

 
- Siz bir neçə beynəlxalq olimpiadada iştirak etmiş və qızıl  medal qazanmısınız, yaddaşınızda daha çox hansı olimpiada qalıb? Çətinlik yarandıqda özünüzü necə motivasiya edibsiniz?

 
- Ən çox yadımda qalan olimpiadalar 2007-ci ildə Yunanıstanda keçirilən Balkan olimpiadası və 2011-ci ildə Hollandiyada keçirilən dünya olimpiadasıdır. Birinci Azərbaycanın qatıldığı ilk Balkan olimpiadası idi və mən vətənə bu olimpiadadan qızıl medalla qayıtmışdım. 2011-ci ildəki olimpiadaya isə müəllim olaraq qatılmışdım və biz o il, çox təəssüf ki, qızıl medalı bir bal ilə əldən qaçırtdıq.
Çətinlik anında ən çox özümü başqalarına baxaraq motivasiya edirəm. Düşünürəm ki, başqaları bunu edə bilirsə, mən də edə bilərəm. Bir də mən çalışmağın bəhrəsini nə vaxtsa verəcəyini düşünən bir insanam və bunu da şagirdlərimə tez-tez vurğulayıram. İstənilən qədər, proqramlı və ciddi şəkildə çalışmısansa, nəticənin gec, ya da tez vaxtda qabağına çıxacağına inanıram.

 
-  Davamçılarınıza, Azərbaycanın  gənc istedadlarına nə kimi tövsiyələriniz var?

 
- Azərbaycandakı gənclərə özlərini daim inkişaf etdirməyi və yeniliklərə açıq olmağı tövsiyə edərdim. Dünya çox sürətlə inkişaf edir və dəyişir. Buna görə də inamla və ruhdan düşmədən özünüzü ən yaxşı şəkildə gələcək üçün yetişdirməyə çalışın.

 

Oruc MUSTAFAYEV

Xəbər lenti