Pedaqogika elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Kollecində Təsviri incəsənət və fiziki tərbiyə müəllimliyi şöbəsinin müdiri Canəmir Dadaşov vəfat edib.
"Tehsil.biz"in məlumatına görə, Canəmir Vəliməmməd oğlu Dadaşov 1960-cı il fevralın 2-də Lerik rayonunun Bibiyoni kəndində anadan olub.
İlk təhsilini də Lerik rayonunun Bibiyoni kəndində almış, 1977-ci ildə Vizəzəmin kənd orta məktəbini bitirmiş, Bakı şəhərinə köçmüş, elə həmin ildən SU-107 saylı Tikinti Trestində əmək fəaliyyətinə başlamışdır.
1978-1980-ci illərdə Çita Vilayəti Sovet Ordu Sıralarında həqiqi hərbi xidmətdə olub.
1982-ci ildə V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun “Bədən tərbiyəsi və İbtidai hərbi hazırlıq” fakültəsinə daxil olan Canəmir Dadaşov 1986-cı ildə SSRİ Müdafiə Nazirinin əmrinə əsasən leytenant rütbəsini alaraq institutu başa vurmuşdur.
Həmin ilin dekabr ayında 25 saylı Orta Texniki Peşə Məktəbinə hərbi rəhbər, 1989-1993-cü illərdə isə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub.
1998-ci ildən 2003-cü ilədək 10 saylı Bakı Peşə Liseyində tərbiyə işləri üzrə direktor müavini kimi fəaliyyət göstərən bu gənc liseydə çalışdığı həmin dövrdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarı ilə I kateqoriyalı müəllim adına layiq görülüb.
2003-cü ilin sentyabr ayında Bakı Sənaye Pedaqoji Texnikumunda hərbi rəhbər, 2005-ci ildə isə şöbə müdiri vəzifəsinə təyin olunub.
2016-cı ildən bəri Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində şöbə müdiri vəzifəsində çalışır.
Canəmir Dadaşov 2010-cu ildə “Avropa Nəşr Mətbu Evi”nin “Ən yaxşı təhsil işçisi” qızıl medalına, 2015-ci ildə isə Bakı Sənaye Pedaqoji Texnikumundakı fəaliyyətinə görə fəxri fərmana layiq görülüb.
2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olan mütəfəkkir 2001-2016-cı illərdə Yeni Azərbaycan Partiyasının ilk ərazi təşkilatının sədri vəzifəsində çalışmış, 2010-cu ildə isə Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatı tərəfindən bir daha fəxri fərmana layiq görülmüşdür.
2012-ci ildə pedaqogika üzrə fəlsəfə doktoru elmi adını alıb. 13 elmi məqalənin, 5 fənn proqramının müəllifidir. “Məktəb və ailənin əlbir işi” adlı kitabın müəllifidir. Ədib həm də “Yeniyetmələrdə fiziki mədəniyyətin formalaşmasında məktəb və ailənin rolu” kitabının müəllifidir.