Logo

BDU və Qazaxıstan universitetləri arasında əlaqələr daha da genişlənir

04.07.2022 22:26 139 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) tədrisin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması, universitetin beynəlxalq rəqabətliliyinin artırılması və ölkəmizdə yeni nəsil yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məsələsinə xüsusi diqqət yetirilir.

Tehsil.biz xəbər verir ki, beynəlxalq təcrübədən, qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından faydalanmaq məqsədi ilə dünyanın bir sıra qabaqcıl universitetləri ilə beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi istiqamətində davamlı işlər görülür. 

Hazırda BDU-da 7 ikili diplom layihəsi proqramı fəaliyyət göstərir. Onlardan 2-si Qazaxıstanın tanınmış universitetləri ilə reallaşdırılıb. Belə ki, BDU və Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti arasında “Dəniz və enerji hüququ” adlı magistratura proqramının təşkili ilə bağlı imzalanmış müqaviləyə əsasən, 2020-ci ildən ingilis dilində birgə magistr hazırlığı həyata keçirilir.  Bu proqram digər xarici ali təhsil müəssisələrinin də diqqətini çəkib.

BDU və K.İ.Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti (QMTTU) arasında 2021-ci ildə imzalanmış müqaviləyə əsasən isə, BDU-nun Kimya fakültəsi və QMTTU-nun Kimya və Biotexnologiyalar İnstitutunun magistratura proqramının bazasında “Neft kimyası” ixtisaslaşması üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramı həyata keçirilir. Bu proqram çərçivəsində neft kimyası və kimya mühəndisliyi elmləri üzrə yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsi nəzərdə tutulur.

Hazırda Qazaxıstanın L.N.Qumilyov adına Avrasiya Milli Universiteti və Ş. Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti ilə ikili diplom layihələrinin reallaşdırılması son mərhələdədir.

2021-2022-ci tədris ilində BDU-da  ümumilikdə 7 nəfər Qazaxıstan vətəndaşı təhsil alır. Onlardan biri Təhsil qrantı proqramı üzrə Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsidir. BDU ilə Yessenov Dövlət Universiteti arasında imzalanmış memoranduma əsasən, 2021-2022-ci tədris ilinin yaz semestrində 4 tələbə Tətbiqi riyaziyyat və kibernetika və Hüquq fakültələrində mübadilə yolu ilə  təhsillərini davam etdiriblər. BDU ilə Abay adına Qazax Milli Pedaqoji Universiteti arasında imzalanmış memoranduma əsasən, bir nəfər doktorant 2021-2022-ci tədris ilinin yaz  semestrində Sosial elmlər və psixologiya fakültəsində, Əl-Fərabi Qazax Milli Universiteti ilə imzalanmış memoranduma əsasən isə 2 nəfər magistrant Biologiya fakültəsində təcrübə keçib.

Xəbər lenti